Bitkilərdə boz çürümə xəstəliyi
-
14-08-2024
-
Şərhlər
Boz çürümə göbələk mənşəli xəstəlikdir və törədicisi Botrytis cinerea fitopatogen göbələyidir. Bu xəstəliyə bir çox bitkilərdə - pomidorda, günəbaxanda, üzümdə, çiyələkdə və s. rast gəlinir. Xəstəliyin meydana çıxması birbaşa soyuq və rütubətli hava ilə əlaqədardır. Temperatur-rütubət rejiminin əlverişli olduğu şəraitdə mədəni bitkilərlə təmasda olmadıqda digər üzvi qalıqlarla qidalanır və saprotrof həyat tərzi keçirir. Xəstəlik törədicisinin kütləvi çoxalması 12-22ᵒC-yə qədər temperaturda baş verir, göbələyin sporlarının cücərməsi üçün havanın rütubəti 85-100 % olmalıdır. Boz çürümə bitkinin böyümə və inkişaf dövründə əmələ gəlir. İlkin yoluxma zamanı əlamətlər gövdələrdə ellipsvari sulu ləkələr şəklində təzahür edir. Patogen gövdə, yarpaq və sonda da meyvəyə keçərək bütün məhsulun keyfiyyətini aşağı salır, əsasən də, zədələnmiş hissələrdən bitkiyə daxil olur. Botrytis cinerea göbələyi istənilən yerüstü orqanı zədəli olan bitkiləri xəstəliyə yoluxdura bilər. Xəstəlik çiçəkləmədən qabaq yayıldıqda və patogen üçün əlverişli şərait varsa, qısa müddətdə bütün yerüstü hissəni məhv edə bilir. Yüksək rütubətdə xəstəlik inkişaf edərək meyvə saplağından yetişməkdə olan meyvəyə keçir, meyvənin üzərində boz–qəhvəyi örtüklü ləkələr əmələ gətirir, sonradan bu ləkələrin ölçüsü böyüyür və məhsuldarlığa böyük ziyan vurur. Əgər sahədə xəstəlik yayılıbsa, meyvələr yığıldıqdan sonra saxlama yerlərində yayılmanın miqyası daha da yüksək olur. Xəstəliyin yayılmasında başlıca amil havanın yüksək rütubəti, istixanalarda havalandırma sisteminin zəif olmasıdır.
Mübarizə tədbirləri:
İstixanalarda havalandırmanın düzgün təşkili;
Köhnəlmiş yarpaqların vaxtında kəsilməsi;
Bitki qalıqlarının vaxtında sahədən kənarlaşdırılması və yandırılması;
İşıqlandırmanın proporsional yayılması;
Torpaqda və havada nisbi rütubətin normada (65-75%) saxlanılması;
Dumanlı və yağmurlu havalarda örtülü sahənin qorunması.
Sahələrdə əkin yerinin vaxtlı-vaxtında şumlanması, növbəli əkinin tətbiqi, əkiləcək toxumun dərmanlanması isə xəstəliyin yayılmasının qarşısını alır.