Agrolab

Bizimlə əlaqə

close

Erkən yaz dövründə dərmanlamanın uğurlu olması üçün hansı amillər nəzərə alınmalıdır?

Erkən yaz dövründə dərmanlamanın uğurlu olması üçün hansı amillər nəzərə alınmalıdır?

  • 01-03-2026

  • Şərhlər

Erkən yaz dövründə – xüsusilə fevralın sonu və mart ayında – sahələrdə fungisid, herbisid və insektisid tətbiqi planlaşdırılarkən temperatur amili həlledici əhəmiyyət daşıyır. Adətən fermerlər preparatın markası və dozasına daha çox diqqət yetirirlər, lakin hava şəraiti düzgün qiymətləndirilmədikdə ən keyfiyyətli vasitə belə gözlənilən effekti verməyə bilər.


Temperatur +8 °C-dən aşağı olduqda bitkinin fizioloji fəaliyyəti zəifləyir: maddələr mübadiləsi ləngiyir, yarpaq səthindən sorulma azalır və kök sistemi aktiv işləmir. Xüsusilə sistem təsirli preparatların effektivliyi bu şəraitdə aşağı düşür, çünki onların bitki daxilində hərəkəti şirə dövranından asılıdır. Eyni zamanda bir çox patogenlər də aşağı temperaturda passiv olur. Nəticədə həm bitki, həm də xəstəlik törədicisi aktiv fazada olmadığı üçün tətbiq olunan dərmanın təsiri zəif görünür ki, bu da əlavə xərc və vaxt itkisinə səbəb olur.


Ən optimal nəticə adətən +12…+20 °C temperatur intervalında əldə edilir. Bu şəraitdə bitki aktiv vegetasiya mərhələsində olur, yarpaqlar elastik və açıq vəziyyətdə qalır, preparat isə yarpaq səthindən daha effektiv sorulur. Göbələk xəstəlikləri də aktiv inkişaf mərhələsində olduğundan fungisidlərin təsiri maksimum səviyyədə özünü göstərir. Erkən yaz aylarında uyğun temperatur əsasən günorta və günün ikinci yarısında müşahidə olunur. Buna görə dərmanlama üçün ən məqsədəuyğun vaxt səhərin erkən saatları deyil, havanın kifayət qədər isindiyi dövrdür.


Temperaturun həddindən artıq yüksək olması da risk faktorudur. +25 °C-dən yuxarı, xüsusilə küləkli və quru hava şəraitində aparılan emal yarpaq yanığına səbəb ola bilər. Bu hal daha çox herbisid tətbiqi zamanı müşahidə olunur. Yüksək temperatur bitkini stres vəziyyətinə salır, buxarlanmanı artırır və preparatın bir hissəsinin yarpaq səthində buxarlanaraq itməsi ilə nəticələnir. Bundan əlavə, isti hava bəzi preparatlarda fitotoksiklik riski yarada, yəni bitkinin özünə zərər verə bilər.


Temperaturla yanaşı, külək və rütubət göstəriciləri də nəzərə alınmalıdır. Küləyin sürəti 3–4 m/s-dən artıq olduqda damcıların sahədən kənara yayılması və qeyri-bərabər örtük formalaşması ehtimalı artır. Bu, həm preparatın təsirini azaldır, həm də qonşu sahələr üçün risk yaradır. Şehli yarpağa və ya yağışdan dərhal əvvəl dərman vurulması məqsədəuyğun hesab edilmir. Yarpaq səthi həddindən artıq nəm olduqda preparat axaraq təsirini itirə bilər. Eyni zamanda tətbiqdən 2–3 saat sonra yağan yağış, xüsusilə kontakt təsirli preparatların effektivliyini əhəmiyyətli dərəcədə azaldır.


Bitkinin ümumi vəziyyəti də əsas meyarlardandır. Əgər sahə şaxtadan yeni çıxmış, su basmış və ya quraqlıq səbəbindən zəifləmişdirsə, ilk növbədə bitkinin bərpası təmin edilməlidir. Stres vəziyyətində olan bitkilərdə aparılan emal gözlənilən nəticəni vermir və iqtisadi baxımdan səmərəsiz olur.


Yekun olaraq qeyd etmək olar ki, +8 °C-dən aşağı temperaturda dərmanlama aparılmamalıdır. Ən yaxşı nəticə +12…+20 °C intervalında əldə edilir. Güclü külək şəraitində və ya bitki stres altında olduqda emalın təxirə salınması daha məqsədəuyğundur. Dərmanlama yalnız düzgün preparat seçimi deyil, həm də uyğun vaxtın və şəraitin dəqiq müəyyənləşdirilməsi deməkdir. Vaxtında və optimal şərtlər altında aparılan emal həm xərcə qənaət edir, həm də məhsuldarlığın qorunmasına xidmət edir.


Gülnarə Abbasova  - Aqronom konsultant



Agrolab © 2024 Bütün hüquqlar qorunur.