Narın meyvə çürüməsi və ya zitioz xəstəliyi
-
03-10-2024
-
Şərhlər
Narın meyvə çürüməsi və ya zitioz xəstəliyi nar bitkisinin kifayət qədər geniş yayılmış xəstəliklərindən biridir. Ümumiyyətlə, nar bitkisinə zərər verən göbələk mənşəli xəstəliklər içərisində çürümə mənşəli xəstəliklər üstünlük təşkil edir. Respublikanın bütün rayonlarında yayılmış zitioz xəstəliyinin törədicisi Zythia versoniana göbələyidir. Zitioz meyvə çürüməsi xəstəliyi nar bitkisinin ən təhlükəli xəstəliyi olub, birbaşa generativ orqana, yəni əmtəəlik məhsula ziyan verir, həmçinin bitkinin kökü, gövdəsi, budaqları, yarpaqları, çiçəkləri də bu xəstəliyin təsirinə məruz qalır. Bitkinin məhsuldarlığı xeyli aşağı düşür və nar bağlarına ciddi ziyan vurur. Narın meyvə çürüməsi xəstəliyinin yarpaqlarda yaratdığı qəhvəyi rəngli ləkələr onların vaxtından əvvəl saralaraq tökülməsinə səbəb olur. Yoluxmuş nar meyvələrinin üzərində də qəhvəyi rəngli ləkələr əmələ gəlir. Xəstəliyin törədicisi qışı çürümüş meyvələrdə keçirir. Bu xəstəlik əsasən, mexaniki zədələnmiş meyvələrdə, rütubətli havada daha sürətlə artır. Xəstəlik törədicisi ilə sirayətlənmiş gövdənin oduncaq hissəsi və əsas kökün yuxarı hissəsinin qabığı qəhvəyi pas rəngi alaraq çürüyür. Müəyyən zaman kəsiyindən sonra ağacın qabığı çatlayaraq soyulmağa başlayır və nəticədə ağac tamamilə quruyur. Azərbaycanda əkilən nar sortlarının hamısı meyvənin çürümə xəstəliyinə qarşı davamsızdır. Nar bağlarında bu cür simptomlara rast gəldikdə müvafiq fitosanitar tədbirlər aparılmalı, sahədə sıx əkin aparılmamalı, tez-tez təmizlik işləri görülməli, ağacların üzərində olan və ya yerə tökülmüş xəstə və qurumuş meyvələr yığılıb məhv edilməlidir.