Məhsuldarlıq və keyfiyyət üçün düzgün suvarma
-
01-09-2025
-
Şərhlər
Avqust–sentyabr aylarında havaların isti və quraq keçməsi səbəbindən suvarma xüsusi əhəmiyyət daşıyır. Bu dövr aadətən məhsulun yetişmə fazasına təsadüf edir və torpaqda rütubət balansının qorunması mühüm rol oynayır.
Sonuncu suvarmalar pambığın toxumlarının dolmasına, xam pambığın kütləsinin və keyfiyyətinin artmasına şərait yaradır. Düzgün aparılmış suvarma nəticəsində bitkilərin yarpaqlarında vaxtından əvvəl saralma və quruma halları azalır, məhsulun tərkibində lifin keyfiyyəti yüksəlir. Beləliklə, avqust–sentyabr aylarında aparılan suvarmalar həm məhsuldarlığın, həm də keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət edir və fermerlərin gəlirinə birbaşa təsir göstərir
Sentyabr ayı bəzi bitkilərin vegetasiya dövrünün son mərhələsinə təsadüf edir. Bu dövrdə torpağın yumşaq qalması və sahələrin alaqlardan təmizlənməsi sonrakı payızlıq əkinlər üçün əlverişli şərait yaradır. Əkin sonrası alaq təmizliyi torpağın strukturunu yaxşılaşdırır və qida maddələrinin boş yerə israf olunmasının qarşısını alır. Nəticədə payızda görüləcək torpaq becərmə işləri daha asan və az enerji sərfiyyatı ilə həyata keçirilir. Bu aylarda torpağın becərilməsi, qalıq bitki kütlələrinin sahədən çıxarılması və üzvi maddələrin (peyin, bitki qalıqları və s.) torpağa qarışdırılması da mühüm tədbirlərdəndir. Bunun nəticəsində torpağın münbitliyi artır və gələcəkdə əkiləcək taxıl və digər payızlıq bitkilərin normal inkişafı üçün əlverişli mühit formalaşır.
Suvarma yalnız məhsul bolluğu üçün deyil, həm də torpağın sağlamlığı üçün vacibdir. Su torpaqda qida maddələrinin yaxşı həll olmasına və bitki kökləri tərəfindən mənimsənilməsinə şərait yaradır. Eyni zamanda torpağın temperaturunu bir qədər aşağı salır, bitkilərdə stresi azaldır və onların inkişafını davam etdirməsinə imkan verir.
Fermerlər üçün əsas məqam – suvarmanı düzgün vaxtda və lazımi miqdarda aparmaqdır. Çox suvarma torpaqda duzların yuyulmasına və münbitliyin azalmasına, az suvarma isə bitkilərin ehtiyacının ödənilməməsinə səbəb ola bilər. Ona görə də torpaq növü, iqlim şəraiti və bitkinin xüsusiyyətləri nəzərə alınaraq suvarma planlı şəkildə aparılmalıdır.
Ümumilikdə, avqust-sentyabr aylarında suvarma həm iqtisadi baxımdan, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. İqtisadi cəhətdən məhsuldarlığı qoruyur və gəlirin azalmasının qarşısını alır. Ekoloji cəhətdən isə torpağın qurumasına, eroziyaya və duzluluğun artmasına mane olur. Yəni, bu dövrdə düzgün suvarma həm məhsulu, həm torpağı, həm də fermerin gələcəyini qoruyur.