Sitrus bitkilərində hisli kif xəstəliyi - Sooty Mold
-
19-11-2025
-
Комментарии
Törədicilər: Capnodium, Fumago, Scorias Antennariella, Aureobasidium, Fumiglobus Limacinula
İstənilən bitki xəstəliyinin dəqiq diaqnozu üçün nümunələr laboratoriyalara təqdim edilməlidir. Xəstəliyin vaxtında və effektiv şəkildə idarə edilməsi məqsədilə, əlamətlərin ilk dəfə görünməsi zamanı bitkinin kompleks analizi aparılmalıdır.
Hal-hazırda ölkəmizdə sitrus meyvələrində ən çox rastlanan xəstəliklərdən biri hisli kif xəstəliyidir. Hisli kif göbələkləri bitkinin yarpaq, gövdə və meyvələrinin səthini qara toz şəklində örtür. Bu göbələklər meyvəyə nüfuz etmədiyi üçün dad və keyfiyyətə təsir etmir, beləliklə, məhsul yeməyə yararlıdır. Meyvənin səthi fırça və ya təmiz dəsmal vasitəsilə asanlıqla təmizlənə bilər.
Lakin yarpaqlar üzərində güclü yoluxma baş verdikdə göbələk mitselisi günəş işığını bloklayaraq fotosintez prosesini ləngidir və nəticədə bitkinin inkişafı zəifləyir. Yoluxmuş yarpaqlar vaxtından əvvəl qocalaraq tökülür. Göbələk sporları əsasən hava və su damcıları vasitəsilə ətrafa yayılır.
Hisli kif göbələkləri əsasən bitkinin güclü həşərat yoluxması fonunda ikincili xəstəlik kimi inkişaf edir. Göbələklər minelayer, bit, birəcik, mənənə, yastıca, trips, ağ milçək və unlu qurd kimi zərərvericilərin meyvə və yarpaqlardan ifraz etdiyi şirə üzərində çoxalır.
Bu səbəbdən birincili mübarizə tədbiri kimi zərərvericilərə qarşı sistemik insektisidlərin tətbiqi tövsiyə olunur. Həşəratlarda rezistentliyin yaranmaması üçün işlənməni ən azı iki fərqli preparatla növbəli aparmaq məqsədəuyğundur. Zərərvericilərin sayı az olduqda sabunlu məhluldan da istifadə edilə bilər. Zərərvericilər məhv edildikdən sonra his göbələklərinin miqdarı tədricən azalır; yoluxma faizi yüksək olduqda isə fungisid tətbiqi zəruridir.
Əgər hisi fırça ilə təmizləmək mümkün deyilsə və qara örtük meyvənin içərisinə nüfuz edibsə, bu ciddi bir problemdir və təxirəsalınmadan mütəxəssislərə müraciət etmək tələb olunur.