Agrolab

Bizimlə əlaqə

close

Noyabr ayında meyvə ağaclarının qışa hazırlıq mərhələsi

Noyabr ayında meyvə ağaclarının qışa hazırlıq mərhələsi

  • 30-11-2025

  • Şərhlər

Noyabr ayı meyvə ağaclarının dərin sakitlik mərhələsinə keçdiyi dövrdür. Kənardan baxıldıqda bağda həyat dayanmış kimi görünə bilər, lakin bu zaman ağac daxilində mühüm fizioloji dəyişikliklər baş verir: şirə axını dayanır, toxumalardakı su miqdarı azalır və ağac temperatur dəyişikliklərinə qarşı daha həssas hala gəlir. Bu mərhələdə bağban tərəfindən görülən tədbirlər ağacların qışı necə keçirəcəyini birbaşa müəyyən edir.

 

Budama – ağac üçün yaranma prosesidir

Budamanın ağacda açıq yara yaratdığını nəzərə almaq vacibdir. Bu yaranın bağlanması üçün kambi aktiv olmalı, qoruyucu toxuma – mantar təbəqəsi əmələ gəlməlidir. Lakin gec payızda temperatur aşağı olduğundan və şirə hərəkəti zəiflədiyindən bu proses çox ləng gedir.

Nəticədə budama yerləri uzun müddət açıq qalır. Soyuq havanın təsiri ilə həmin sahələr daha sürətlə soyuyur, quruyur və çatlama riski artır. Bu xüsusilə cənub mənşəli növlərdə daha aydın görünsə də, bütün meyvə ağaclarına aiddir. Buna görə noyabr ayında yalnız sanitar budama – qırılmış, qurumuş və xəstə budaqların kəsilməsi tövsiyə olunur. Formalandırıcı budamanın isə yazda, ağac vegetasiyaya başladıqda aparılması məqsədəuyğundur.

 

Ağac gövdəsinin əhənglənməsi – dekorativ deyil, qoruyucu tədbirdir

Əhəngləmə çox vaxt yaz işi kimi qəbul olunsa da, onun əsas funksiyası qışda gövdəni temperatur dəyişmələrinin mənfi təsirindən qorumaqdır. Azərbaycanın bir çox bölgələrində qış günləri günəşli keçir:

Günorta saatlarında gövdə günəş şüaları ilə qızır və genişlənir;

Axşam və gecə isə sürətlə soyuyur və büzüşür.

Bu kəskin temperatur fərqləri gənc qabıqda mikroçatların yaranmasına səbəb olur və daha sonra bu çatlar dərinləşərək dondurucu yaralar əmələ gətirir. Gövdə əhənglə örtüldükdə səth günəşi daha çox əks etdirir, gün ərzində qızma azalır və gecə soyuma daha yumşaq keçir.

 

Gövdə və kök boynunun qorunması niyə vacibdir?

Qışda ağac üçün tək təhlükə şaxta deyil, eləcə də torpaq nəmliyinin dəyişməsi, kök zonasında donma və gəmiricilərin aktivləşməsi də ciddi risk yaradır.

Gövdə ətrafında qoyulan mulça istilik izolyasiyası rolunu oynayır. Ağacı isitməsə də, torpağın tədricən soyumasını təmin edir. Torpağın qəfil donması kök sistemi üçün xüsusi təhlükə yaradır.

Soyuq mövsümdə siçanlar və digər gəmiricilər gənc ağacların qabığını qida kimi istifadə edir. Gövdənin halqa şəklində gəmirilməsi ağacın məhv olmasına səbəb ola bilər. Qamış, tor materialı, metal tor və agrotextil ilə sarınma gövdəni mexaniki zədələrdən qoruyur.

Hətta nazik qoruyucu sarğı belə gövdənin temperaturunu sabitləşdirir və qabıqda yarılma riskini azaldır.

Açıq torpaq gün ərzində sürətlə qızır, gecə isə kəskin soyuyur. Bu dəyişkənlik kök boğazını stresə salır. Mulça (saman, çiplər (ağac qırıqları), kompost) torpağın nəmliyini saxlayır, temperaturu sabitləşdirir və köklər üçün yumşaq mühit yaradır.

 

Payız işləri sadəcə ənənə deyil – ağacın qışa fizioloji uyğunlaşmasını dəstəkləyən idarəetmə prosesidir. Bağban ağacı “soyuqdan gizlətmir”, temperatur dəyişmələrini yumşaldır, qabıq və yaraları qoruyur, kök zonasındakı şəraiti sabit saxlayır.

Ağac qışa hazırlıqlı girərsə, yazda daha sağlam oyanır və məhsuldarlığı yüksək olur.

 

 

Gülnarə Abbasova - Aqronom konsultant

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.