Bağ salınmazdan əvvəl ting və torpaq analizlərinin əhəmiyyəti
-
12-11-2026
-
Şərhlər
Yeni bağ salmaq, illərlə ona qulluq etmək və bol məhsul əldə etmək hər bir fermerin və aqrobiznes sahibkarının əsas məqsədlərindən biridir. Lakin təcrübə göstərir ki, torpağın hazırlanmasına, müasir suvarma sistemlərinə, texnikaya və bahalı gübrələrə böyük investisiyalar yatırıldığı halda, ən vacib və həlledici mərhələlərdən biri bəzən diqqətdən kənarda qalır: əkiləcək tinglərin və bağ salınması nəzərdə tutulan torpağın əkin öncəsi kompleks fitopatoloji, mikrobioloji və entomoloji laboratoriya analizlərindən keçirilməsi.
Laboratoriya müayinəsi aparılmadan salınan bağ təməli qoyulmadan inşa edilən binaya bənzəyir. Gözlə görünməyən mikroorqanizmlər illərlə çəkilən zəhməti və yatırılan investisiyanı qısa müddətdə təhlükə altına sala bilər.
Xaricdən sağlam görünən tinglər aldadıcı ola bilər
Laboratoriyamıza daxil olan müxtəlif ting nümunələri üzərində apardığımız analizlər və əldə etdiyimiz təcrübə göstərir ki, mərhələli laboratoriya müayinələri zamanı xarici görünüşcə sağlam, gövdə quruluşu normal, tumurcuqları canlı və yarpaqları yaşıl olan tinglərin belə təhlükəli patogen daşıyıcısı olduğu müəyyən edilə bilər. Vizual müayinə latent (gizli) mərhələdə olan xəstəliklərin aşkarlanması üçün kifayət etmir.
Nə üçün həm ting, həm də torpaq analiz olunmalıdır?
Yalnız tinglərin sağlam olması uğurlu bağçılıq üçün kifayət deyil. Əgər torpaqda əvvəlki əkinlərdən və ya təbii mühitdən qalmış karantin əhəmiyyətli göbələklər, bakteriyalar və ya nematodlar mövcuddursa, sağlam ting həmin sahəyə əkildikdən sonra yoluxma riski ilə üzləşəcək. Eyni zamanda, xəstə tingin sağlam torpağa əkilməsi də torpağın uzun müddət təmizlənməsi çətin olan patogenlərlə çirklənməsinə səbəb ola bilər.
Fermerlər üçün praktiki tövsiyələr
Mütəxəssislərimiz tərəfindən bağ salınmazdan əvvəl fermerlərin diqqət yetirməli olduğu əsas qabaqlayıcı tədbirlər müəyyən edilmişdir:
- Tinglikdən (fidanlıqdan) ting alarkən hər partiyadan təsadüfi seçim prinsipi əsasında ən azı 3–5% həcmində nümunə götürülərək laborator müayinəyə təqdim edilməlidir;
- Əkin aparılması nəzərdə tutulan sahənin müxtəlif nöqtələrindən (ziqzaq üsulu ilə) 0–30 sm və 30–60 sm dərinliklərdən torpaq nümunələri götürülməli, torpaqda xərçəng törədici bakteriyaların, nematod yumurtalarının və infeksiya ocaqlarının mövcudluğu yoxlanılmalıdır;
- Yalnız fitosanitar sertifikata malik, pasportlaşdırılmış, sağlamlığı dövlət və laboratoriya səviyyəsində təsdiqlənmiş calaqaltı və tinglərdən istifadə olunmalıdır.
Meyvə bağının salınması və tam məhsuldarlıq mərhələsinə çatması orta hesabla 3–5 il vaxt və hər hektar üzrə minlərlə manat investisiya tələb edir. Yoluxmuş ting və ya torpaq səbəbindən ağacların artıq üçüncü ildən qurumağa başlaması fermer üçün ciddi və bərpası çətin maliyyə itkisi ilə nəticələnə bilər. Əkin öncəsi aparılan kiçik həcmli laboratoriya müayinəsi isə gələcəkdə yarana biləcək böyük itkilərin qarşısının alınmasına xidmət edir.