Ağacların gübrələnməsi
-
27-02-2024
-
Şərhlər
Əgər bağda torpaq qara herik altında saxlanılırsa, onda fosfor-kalium gübrələrinin don şumunun altına verilməsi tövsiyə olunur. Azot gübrələri isə kultivasiya zamanı və ya suvarmadan əvvəl sahəyə verilir. Əgər torpaq çim-çürüntü sistemində saxlanılırsa bütün gübrələr torpaq səthinə verilir. Bu zaman damcı ilə suvarma və ağacların yaxşı inkişaf etmiş saçaqlı kök sistemi gübrələrin bitkilər tərəfindən tam mənimsənilməsinə şərait yaradır. Ümumiyyətlə karlik calaqaltılar saçaqlı və səthi kök sistemi yaratdığından belə bağlarda gübrələr adətən gövdə ətrafına verilir. Gübrənin dozası torpağın münbitliyindən, ağacların yaşından, sahə vahidində onların sayından və planlaşdırılan məhsulun miqdarından asılıdır. Karlik və yarımkarlik klon calaqaltılar üzərində salınmış meyvə bağlarında yemləmə şəklində gübrələmənin böyük əhəmiyyəti var. Çünki belə bağlarda bitkilərin kök sistemi yığcam olmaqla onların əsas kütləsi torpaq səthinə yaxın yerləşir. Belə ağaclarda kök kütləsinin əsas hissəsini saçaqlı köklər təşkil etdiyindən gübrələrin bitki tərəfindən mənimsənilmə faizi də yüksək olur. Vegetasiya dövründə bitkilərin gübrələrə olan tələbatı böyümə və inkişaf fazalarından asılı olaraq dəyişir. İl ərzində bir neçə dəfə yemləmə şəklində gübrələmə aparılmalıdır. Gübrələmə norması torpağın aqrokimyəvi analizi və yarpaq toxuma diaqnozuna əsasən hesablandıqda normadan artıq gübrə verilməsi və ya qida maddələri çatışmazlığı baş verməyəcəkdir.