Agrolab

Bizimlə əlaqə

close

Arpada rast gəlinən xəstəliklər

Arpada rast gəlinən xəstəliklər

  • 21-02-2022

  • Şərhlər

Arpa payızlıq dənli bitkilər arasında ən tez yetişəndir. Kütləvi cücərməsi üçün 17-20°C, yetişməsi üçün 23-25°C temperatur optimal hesab olunur. Buğda və çovdara nisbətən soyuğa davamsız, quraqlıq və istiyə davamlıdır.

Arpa bitkisində tez-tez rast gəlinən bəzi göbələk mənşəli xəstəlikləri nəzərdən keçirək:

Tozlu sürmə

Xəstəliyin törədicisi Ustilago nuda. Becərildiyi bütün regionlarda yayılmışdır. Xəstəliyin təsiri nəticəsində sünbülün bütün hissələri (sünbül oxundan başqa) qara rəngli teliosporlar kütləsi ilə örtülür. Bitkilərin xəstəlik törədiciləri ilə sirayətlənməsi onun çiçəklənmə dövrünə düşür. Xəstəlik törədiciləri-teliosporlar çiçəkləmə zamanı dişiciyin ağzına düşərək mitsellər verir və yumurtalığa daxil olub dənin formalaşması zamanı, onun rüşeym və endospermində diffuz şəklində yayılır. Göbələyin mitselləri ilə sirayətlənmiş xəstə dənlər heç bir əlamətlə sağlamlardan fərqlənmir. Səpin zamanı isə dəndə olan mitsellər toxumla bərabər cücərərək onun inkişaf nöqtəsinə daxil olur, burada sünbülləmə mərhələsinə qədər inkişaf edir. Sonra onu parçalayaraq qara rəngli teliospor kütləsi əmələ gətirir. Teliosporlar külək və həşəratlar vasitəsilə yayılaraq yenidən sağlam sünbülləri xəstələndirir

Bərk və yaxud daş sürmə

Törədicisi Ustilago hordei. Bu xəstəlik bitkilərin sünbülləməsi dövründə baş verir və geniş yayılır. Xəstəliyə tutulmuş sünbüllərin qılçıqlarından başqa, qalan bütün hissələri üzəri şəffaf nazik pərdə ilə örtülü qara-qonur rəngli, teliospor kütləsindən ibarət olur. Teliosporlar adətən bir-birinə möhkəm yapışıqlı olduğu və asanlıqla qopmadığı üçün «daş sürmə» adlanır. Onlar yalnız taxıl biçini və toxumun təmizlənməsi zamanı toz şəklində yayılır və sağlam dənləri sirayətləndirir

Kök çürümələri

 Arpanın kök çürümə xəstəlikləri yapaq səthində qonur, zolaqlı və torvarı ləkə yaradır. Qonur ləkə buğda, arpa, çovdar və taxıl fəsiləsinə aid olan bir çox digər ot bitkilərini və alaqları sirayətləndirir.

Cırtdan pas xəstəliyi

Törədicisi Puccinia hordei. Xəstəlik ən çox payızda aparılmış erkən səpinlərdə və biçilmiş arpa sahələrində əmələ gələn cücərtilər üzərində yayılır. Təbii iqlim şəraitinin mülayim keçməsi göbələyin inkişaf etməsi üçün əlverişli şərait yaradır. Xəstəliyin ilkin əlaməti yarpaqlar və ya yarpaq qını üzərində dağınıq şəkildə açıq-sarı rəngli xırda uredosporların əmələ gəlməsidir. Arpanın cırtdan pas xəstəliyi digər pas xəstəlikləri ilə müqayisədə məhsula bir qədər az ziyan vurur, ancaq güclü yoluxduğu bitkilərin qışa davamlılığını xeyli aşağı salır.

Zolaqlı ləkəlik

Törədicisi Drechslera graminea İ. göbələyidir. Zolaqlı ləkə xəstəliyinin törədiciləri əvvəlcə cücərtilərin yarpaqları üzərində tutqun-sarı rəngli ləkələr əmələ gətirir. Sonra bu ləkələr yarpağın mərkəzi damarı ətrafında uzanan açıq-qonur rəngdə lentvarı ləkələrlə əvəz olunur. Xəstəlik inkişaf etdikcə, arpanın çiçəkləmə mərhələsindən başlayaraq bu zolaqlar yarpaq uzunu parçalanaraq onu 2-3 hissəyə bölür. Yarpaqlar getdikcə quruyub tökülür. Belə sünbüllərdə dən əmələ gəlmir, bitki qaralıb tamamilə quruyur. Arpanın çiçəkləmə mərhələsində nisbi rütubət və temperaturun yüksək olması xəstəliyin inkişafını daha da artırır.

#Azərşəkər #arpa  #əkin #KəndTəsərrüfatı #payızlıqəkin #agrolab  #toxum



Agrolab © 2024 Bütün hüquqlar qorunur.