Azot gübrəsinin erkən yazda verilməsi
-
03-04-2025
-
Şərhlər
Mart-Aprel ayları kənd təsərrüfatı üçün məhsuldar ilin təməlini qoyan strateji dövrdür. Səmərəli aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yüksək məhsuldarlığın əsas şərtidir.
Azot bitkilər üçün əsas makroelementlərdən biridir və onların sağlam inkişafında mühüm rol oynayır. Erkən yazda azot gübrələrinin tətbiqi yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün əsas aqrotexniki tədbirdir. Azot bitkinin yaşıl kütləsinin (yarpaqların, gövdənin) inkişafını gücləndirir, bitkilərdə fotosintezin əsasını təşkil edən xlorofilin tərkib hissəsidir. Fotosintez prosesi gücləndikdə, bitki daha çox enerji istehsal edir və sürətlə inkişaf edir. Eyni zamanda, fermentlərin və amin turşularının sintezində iştirak edərək bitkinin böyüməsini və məhsuldarlığını artırır. Yazın əvvəlində bitkilər sürətli böyümə mərhələsinə keçir. Bu dövrdə azot gübrəsi bitkilərin kök sisteminin inkişafını gücləndirir və yarpaq sahəsinin genişlənməsini təmin edir. Azot yarpaqlarda xlorofilin yaranmasını stimullaşdırır, nəticədə fotosintez intensivləşir və bitki enerji ilə təmin olunur. Erkən yazda azot gübrəsi ilə təmin olunmuş bitkilər daha möhkəm olur və xəstəliklərə, zərərvericilərə qarşı müqaviməti artır. Taxıl bitkilərində azot zülal tərkibini artırır, pambıqda isə lifin keyfiyyətinə müsbət təsir göstərir.
Azot gübrəsinin düzgün tətbiqi də əsas rol oynayır. Azotun normadan artıq tətbiqi vegetativ kütlənin həddindən artıq artmasına və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Məsələn, qumlu torpaqlarda azotun yuyulma riski yüksək olduğu üçün gübrə az-az və tez-tez verilir. Çoxillik bitkilər olan sahələrdə isə, yonca və digər yem bitkilərində azot gübrəsi erkən yazda və böyümə mövsümünün digər mərhələlərində hissə-hissə verilməlidir.
Bitki növünə görə azot gübrəsinin əhəmiyyəti müxtəlif olur. Taxıl bitkiləri (buğda, arpa) erkən yazda verilən azot məhsuldarlığı artırır. Pambıq bitkisində erkən inkişaf mərhələsində azot gübrəsi lifin keyfiyyətini və məhsuldarlığını artırır. Tütün bitkisində isə azot tütün yarpaqlarının ölçüsünü və keyfiyyətini yaxşılaşdırır, lakin dozaya diqqət yetirilməlidir ki, keyfiyyət itirilməsin. Yonca və digər yem bitkilərin sürətli inkişafını və protein tərkibli yem istehsalını artırır. Erkən yazda azot gübrəsinin tətbiqi bitkilərin sağlam inkişafı, yüksək məhsuldarlığın təmin olunması və məhsulun keyfiyyətinin artırılması üçün vacibdir. Gübrənin optimal dozası və tətbiq üsuluna düzgün riayət edilməsi kənd təsərrüfatında uğurlu məhsul istehsalının əsas şərtlərindən biridir.