Agrolab

Bizimlə əlaqə

close

Bağlarda herbisid qalığı analizinin mahiyyəti

Bağlarda herbisid qalığı analizinin mahiyyəti

  • 04-03-2022

  • Şərhlər

Meyvə bağlarında alaqlarla mübarizədə uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma və «döyənək» əmələ gəlir. Bu isə kök sisteminin inkişafını məhdudlaşdırır, mikrorqanizmlərin fəaliyyətini zəiflədir.

Bu səbəbdən alaqlarla mübarizədə kimyəvi vasitələrdən - herbisidlərdən istifadə edilməsi torpağın becərilməsinə çəkilən xərci azaldır, kök sisteminin, gövdə və budaqların mexaniki zədələnməsi, torpağın yuyulması ehtimalını aradan qaldırır. Herbisidlər bitkilərə təsir mexanizminə görə kontakt və sistem xarakterli olurlar.

Kontakt xarakterli herbisidlər bitkinin hər hansı bir hissəsinə düşdüyü sahəni zədələyir, başqa orqanlara isə təsir etmir. Sistem xarakterli herbisidlər isə bitkinin toxumalarına daxil olaraq onun bütün hissələrini zədələyir.

Herbisidlər həm bitkilərə çilənir, həm də torpağa verilir. Torpağa verildikdə herbisidlər köklər vasitəsilə sorularaq, yerüstü hissəyə çiləndikdə isə toxumalar tərəfindən udularaq təsir göstərir. Meyvə bağlarında torpağa verilən sistem xarakterli herbisidlər daha səmərəlidir. Çünki onlar meyvə bitkilərinə təsir etmədən, alaq otları cücərən ərəfədə onları məhv edir. Bu qrupa simazin, atrazin, propazin və prometrin daxildir. Bu herbisidlər suda həll olunduqdan sonra alaq otları cücərənə qədər torpağa çilənir. Hər hektara, tumlu meyvə bitkiləri üçün 3-10 kq təsiredici maddə hesabı ilə herbisid verilir. Torpağın mexaniki tərkibindən asılı olaraq yüngül mexaniki tərkibli torpaqlarda norma az, ağır torpaqlarda isə çox götürülür. Çoxillik alaq otlarını məhv etmək üçün təsiredici maddə hesabilə 10-25 kq/ha dalapon və ya natrium trixloratsetat çilənir. Herbisidlərin təsiri torpağın tipindən, onun rütubətlənmə və temperatur şəraitindən, fiziki xüsusiyyətlərindən, həmçinin alaqların yaşından, növ tərkibindən və s. amillərdən asılı olaraq müxtəlif olur. Herbisidlərdən istifadə zamanı, onların əsas bitkilərin kök sisteminə, ştambına, budaqlarına, yarpaqlarına düşməsinə yol vermək olmaz. Çünki onların çox qismi əsas bitkilərə də öldürücü təsir göstərə bilir.

Herbisidlərdən uzun müddət istifadə etdikdə, onlar torpaqda toplanır.  Torpaqda pestisidlərin qalıq miqdarının, bitkilərin böyümə və inkişafına təsirini aydınlaşdırmaq məqsədi ilə laboratoriyamızda “bioloji sınaq metodu ilə herbisid qalığının təyini ”  analizi icra olunur. Analiz nəticələrinə əsasən əkiləcək bitkiyə mənfi təsir edəcək qalıq herbisidin olub-olmaması müəyyən edilir .

Analiz üçün herbisid istifadə olunmayan sahədən və herbisid tətbiq edilmiş sahədən torpaq nümunəsi götürülür. Müvafiq olaraq kontrol və sınaq adlandırdığımız bu torpaq nümunələrinin hər ikisində, tətbiq olunmuş herbisidlərə daha həssas olan indikator bitkilərin və həmin sahədə əkilməsi planlaşdırılan bitkinin toxumları əkilir. Herbisid qalıqlarının təsirinə daha həssas olan bitkilər dedikdə kələm, çuğundur, kartof, günəbaxan, qarabaşaq və s. misal çəkə bilərik. Təcrübənin gedişatında bitkinin ümumi vəziyyəti, böyümə və inkişafının müşahidəsi, yerüstü və yeraltı hissəsinin çəkisi, kontrol və sınaq arasında vizual fərqlərə diqqət edilir və nəticələrə əsasən fermerlərə tövsiyələr verilir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.