Bitkidə qida çatışmazlığını necə müəyyən etmək olar?
-
13-04-2026
-
Şərhlər
Sahələrdə tez-tez belə hallarla qarşılaşılır: bitki zəif inkişaf edir, yarpaqların rəngi dəyişir və məhsuldarlıq aşağı düşür. Bu kimi hallarda əksər hallarda ilk düşüncə gübrə miqdarını artırmaq olur. Lakin əslində bitki özü bu vəziyyətlə bağlı siqnallar verir – əsas məsələ həmin siqnalları düzgün şərh etməkdir.
Bitkidə qida çatışmazlığını müəyyən etməyin ən sadə üsullarından biri yarpaqları diqqətlə müşahidə etməkdir. Sağlam bitkinin yarpaqları normal yaşıl rəngdə olur və inkişafı balanslı şəkildə davam edir. Hər hansı qida elementi çatışmadıqda isə bu, ilk növbədə yarpaqlarda özünü göstərir.
Ən çox rast gəlinən hallardan biri azot çatışmazlığıdır. Bu zaman köhnə yarpaqlarda saralma müşahidə olunur, bitkinin ümumi inkişafı zəifləyir, gövdə nazik və zəif olur. Bitki ümumilikdə qida çatışmazlığı yaşayan bir görünüş alır.
Fosfor çatışmazlığı zamanı bitkinin inkişafı ləngiyir, kök sistemi zəifləyir. Yarpaqlar tünd yaşıl və ya bənövşəyi çalar ala bilər və bitki normal inkişaf tempini itirir.
Kalium çatışmazlığında yarpaqların kənarlarında dəyişikliklər başlayır. Əvvəl saralma, daha sonra isə quruma və yanıqvari görünüş yaranır. Bu vəziyyətdə bitki həm məhsuldarlıq, həm də stressə davamlılıq baxımından zəifləyir.
Mikroelementlərin rolu da olduqca vacibdir. Dəmir çatışmazlığında gənc yarpaqlar saralır, lakin damarlar yaşıl qalır. Sink çatışmazlığında yarpaqlar kiçilir və bitkinin inkişafı zəifləyir. Bor çatışmazlığı isə çiçəkləmə və məhsul əmələ gəlməsinə mənfi təsir göstərir.
Bu prosesdə vacib qaydalardan biri simptomların harada başladığını müəyyən etməkdir. Əgər problem köhnə yarpaqlarda başlayırsa, bu, adətən azot, fosfor və kalium kimi hərəkətli elementlərin çatışmazlığı ilə əlaqədardır. Əgər əlamətlər gənc yarpaqlarda müşahidə olunursa, bu daha çox dəmir və sink kimi hərəkətsiz elementlərin çatışmazlığını göstərir.
Lakin nəzərə almaq lazımdır ki, xarici əlamətlər yalnız ilkin məlumat verir. Bəzən eyni simptom müxtəlif səbəblərdən yarana bilər. Məsələn, yarpaqların saralması həm azot çatışmazlığından, həm də torpaqda qida elementlərinin mənimsənilməməsindən qaynaqlana bilər.
Bu səbəbdən dəqiq nəticə əldə etmək üçün bitki analizinin aparılması vacibdir. Yarpaq analizi vasitəsilə bitkidə hansı elementin çatışmadığını dəqiq müəyyən etmək mümkündür. Bu analiz torpaq analizi ilə birlikdə qiymətləndirildikdə daha düzgün nəticələr əldə olunur və gübrələmə proqramının daha səmərəli qurulmasına şərait yaradır.
Fermerlər arasında geniş yayılmış səhvlərdən biri simptomlara əsaslanaraq dərhal gübrə tətbiq etməkdir. Lakin analiz aparılmadan verilən qərarlar əlavə xərclərə və bəzi hallarda məhsula zərər vurulmasına səbəb ola bilər. Düzgün yanaşma isə belə olmalıdır: əvvəl müşahidə, sonra analiz və yalnız bundan sonra qərar.
Praktiki yanaşma baxımından demək olar ki, bitki yarpaqları vasitəsilə “məlumat verir”, analiz isə bu məlumatın dəqiq interpretasiyasıdır. Hər iki yanaşma birlikdə tətbiq edildikdə ən düzgün qərarın verilməsi mümkün olur.
Nəticə etibarilə, sahələrin müntəzəm monitorinqi, bitkilərin diqqətlə müşahidə olunması və şübhəli hallarda analizə müraciət edilməsi böyük əhəmiyyət daşıyır. Düzgün diaqnoz olmadan düzgün gübrələmə, düzgün gübrələmə olmadan isə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil.
Gülnarə Abbasova - Aqronom konsultant