Adi danadişi nədir və ona qarşı mübarizə tədbirləri
-
01-07-2024
-
Şərhlər
Bu həşəratların zərəri odur ki, onlar torpaqda tunellər düzəldir, gənc bitkiləri sıradan çıxarır və bəzən köklərini dişləyirlər.
Uzunluğu 5 sm-ə qədər olan yetkin fərd, açıq qəhvəyi rəngdədir. Bu zərərverici həşərat torpaqda tunellər qazmaq üçün istifadə edilən qısa, güclü və kürəyə bənzər ön ayaqları ilə asanlıqla tanınır. Qanad üstləri bədənin yalnız yarısını əhatə edir. Əsasən, torpaqda yaşayan bu həşəratın həyat dövrü 2 il davam edir. Yetişməsi yazın əvvəlində bir gecədə baş verir. Dişi 10 sm dərinlikdə, gil qabıqlı, içi hamar və toyuq yumurtası boyda olan xüsusi yuvada 200-300 yumurta qoyur.
Adi danadişi Azərbaycanın bütün rayonlarında yayılmaqla tərəvəz, bostan, bağ, çay, sitrus, texniki və taxıl bitkilərinə ziyan vurur. Zərərverici cavan bitkilər və şitillər üçün daha qorxuludur.
Danadişinin sürfələri iyunun sonunda görünür və onlarla birlikdə qalırlar. Sonra isə hər biri öz tunelini qazaraq torpaqda yaşayan kiçik həşəratlardan bitki köklərinə qədər hər şeyi yeyirlər. Yetkinlər torpaqda qışlayır və yalnız gələn yazda yeni nəsil verirlər. Bəzən yay gecələrində bir çox böyüklər səthə çıxaraq digər ərazilərə də kütləvi uçuşlar edirlər.
Bu zərərvericiyə qarşı aqrotexniki mübarizə və qabaqlayıcı tədbirlər bunlardır:
• Torpaqda dərin dondurma şumu edilir və kultivasiya aparılır ki, həşəratın yuvaları dağılsın.
• Mexaniki qaydada toplanaraq təmizlənilir.
• Yaz vaxtı sahələrdə kiçik peyin komaları düzəldilib qoyulur. Beləliklə, həşəratlar oraya toplanaraq yumurta qoyduqdan 1 ay keçdikdən sonra komalar dağıdılır və kimyəvi üsulla məhv edilir.
• Danadişinin yuvasına əvvəlcə 1 çay qaşığı bitki yağı, daha sonra isə maye (su və 10 q. təsərrüfat sabununun həlli) tökülür. Yağ suyun üzərində qat əmələ gətirdiyi üçün zərərverici boğularaq məhv olur.