Agrolab

Bizimlə əlaqə

close

Gilasda kitrə (şirə) axını

Gilasda kitrə (şirə) axını

  • 31-01-2022

  • Şərhlər

Kitrə geniş yayılmış qeyri-infeksion xəstəlikdir. Xəstəlik sərt qış keçirmiş və müxtəlif göbələk xəstəliklərinə yoluxmuş ağaclarda özünü daha çox göstərir. Bu xəstəlikdən ən çox zərər görən yüksək rütubətli torpaqlarda əkilən və yüksək dozada gübrələnən ağaclardır. Ağacın gövdəsindən və budaqlarından sarımtıl-palıdı rəngli kitrə axır və bu şirə kütləsi sonradan şüşəvari şəkildə bərkiyir. Xroniki olaraq axan kitrə bitkini zəiflədir, budaqların və hətta bütün ağacın məhvinə gətirib çıxara bilir.

Kitrənin axmasına gövdənin və budaqların mexaniki zədələnməsi, ağacın həddən artıq meyvələrlə yüklənməsi, ağacın qışda donması və ya kəskin temperatur dəyişmələrinə məruz qalması, günəş yanığı, zərərvericilərin və ziyanvericilərin ağacı zədələməsi, ağacın güclü budanması kimi amillər səbəb olur.

Qommoz xəstəliyinin ən çox yayılmış səbəbi qabığın zədələnməsi və bitkinin bu yaranı qatran köməyi ilə sağalmağa çalışmasıdır. Müxtəlif xəstəliklər törədiciləri və həşəratlar şirə vasitəsilə bitkiyə dərindən nüfuz edə bilər ki, bu da vəziyyəti daha da ağırlaşdırır və bitkini zəiflədir. Gilas bu zaman daha çox şirə ayırmağa çalışır və vaxtında tədbirlər görülmədikdə bitki məhv ola bilər.

Gilasda kitrə (şirə) axını xəstəliyini necə müalicə etmək olar?

  • Əvvəlcə kəskin kəsici bir alət seçilir və dezinfeksiya edilir;
  • Qatran (şirə) axan gövdə hissəsi 5 sm.  sağlam toxuma qarışıq bıçaqla kəsilir, çatlarda qalan qatran, oradan diqqətlə təmizləyib çıxarılır;
  • Təmizlənmiş hissələr 1%-li mis sulfat məhluluna batırılmış süngər ilə yaxşıca ilə dərmanlanır;
  • Bundan sonra ağac 2 gün dincdə qalır, gözləyirik.
  • Sonra, bütün  mis kuporosu ilə dərmanlanmış yerlər, bağ məlhəmi ilə yenidən dərmanlanır. Əgər gilas ağacındakı qatran böyük hissədən təmizlənibsə, bağ binti ilə sarğı qoyulur.

Kitrənin müalicəsi ilin istənilən isti vaxtında aparıla bilər. Payızın sonlarına yaxın eləcə də qışda aşağı temperaturda bu iş icra olunmur, çünki yara qurumağa və böyüməyə vaxt tapmaya bilər, bu da qışda gilas ağacının donmasına səbəb olar.

Profilaktika:

  • Əkin üçün, bölgənin iqlim xüsusiyyətlərini nəzərə alaraq düzgün gilas sortları seçilməlidir
  • Ağacın normal inkişafı üçün su toplanmayan, köklərdə nəm və hava keçiriciliyi problemi yaratmayacaq ərazilərdən torpaqlarda əkin aparmaq lazımdır;
  • Ağacın köhnə qabığını soymaq və zədələmək olmaz, çünki bu, gövdənin alt təbəqələri üçün etibarlı qorunmadır, donmanın qarşısını alır;
  • Vaxtında budama işi aparılması xəstəliklərin qarşısını almağa kömək edir.
  • Ağacın stressə davamlılığını artırmaq və sağ qalma keyfiyyətini yaxşılaşdırmaq üçün azot gübrələrinin normadan artıq verilməsinə, eləcə də əlavə gübrələmənin lazımından artıq aparılmasına yol vermək olmaz.
  • Funqisid və insektisid ilə ağacların vaxtında dərmanlaması, zərərvericilərin və göbələk xəstəliklərinin qarşısını almağa kömək edəcəkdir.


Agrolab © 2021 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency