Kartofun fitoftoroz (boz çürümə) xəstəliyi
-
08-07-2024
-
Şərhlər
Fitoftoroz (boz çürümə) xəstəliyi kartofun ən zərərli xəstəliklərindən biridir. Xəstəliyin törədicisi “Phytophthora infestans” fitopatogen göbələyidir və quşüzümçiçəklilər fəsiləsindən olan bitkiləri (kartof, pomidor, bibər, badımcan) yoluxdurur.
Phytophthora infestans əsasən yoluxmuş kök yumrularında miselyum və bitki qalıqları üzərində torpaqda oosporlar şəklində qışlayır.
Ciddi yoluxma zamanı məhsul itkisi 70%-ə çata bilər.
Patogen (törədici) yarpaqlara, gövdələrə və kök yumrularına yoluxur. Sahədə xəstəliyin ilk əlamətləri kartof cücərtilərində müşahidə olunur. Aşağı yarus yarpaqlarda, eləcə də gövdənin ayrı-ayrı hissələrində sürətlə böyüyən tünd qəhvəyi ləkələr görünür. Bu şəraitdə yarpaqların alt tərəfində ləkələrin sərhədində göbələyin ağ örtüyəbənzər təbəqəsi inkişaf edir.
Göbələk sporları yağış və külək vasitəsilə ətrafa yayılır. Quru havalarda yoluxmuş bitki hissələri qəhvəyi rəngdə olur və quruyur, rütubətli havada isə qara rəngdə olur və çürüyür. Xəstəliyin inkişafı 10-25 dərəcə temperaturda və 75% nəmlikdə daha intensiv xarakter alır. Ona görə də, sıx alaqlarla güclü sirayətlənmiş sahələrdə çətin havalanma şəraiti yarandığı üçün fitoftorozun inkişafı daha da sürətlənir.
Yoluxmuş toxumluq kök yumrusu infeksiyanın əsas mənbələrindən biridir. Yoluxmuş toxum materialının yalnız 1%-i hər hektarda 400-500 xəstə bitki deməkdir.
Mübarizə tədbirləri:
Əkin üçün xəstəliyə davamlı sortlar sağlam və dərmanlanmış toxumlar seçilməlidir;
Növbəli əkinə riayət edilməlidir;
Kartof əkilən, yığılan və ya çeşidlənən yerlərdə saxlama kameraları olmalı, təmizləmə yerləri dezinfeksiya edilməlidir;
Məhsul yığımı dövründə yığılan yumrulardan çeşidlənən zaman xəstə yumrular çıxdaş edilməlidir. Gec yetişən sortları tez yetişən sortlarla qarışdırıb bir yerdə səpmək yolverilməzdir, çünki tez yetişən sortlar xəstəliyə daha tez yoluxduğu üçün o, xəstəlik mənbəyi rolunu oynayır;
Alaqlarla mübarizəni gücləndirmək və azot gübrələrindən normadan artıq istifadə etməmək lazımdır;
Vegetasiya dövründə fitoftoraya qarşı səmərəli mübarizə aparmaq üçün funqisidlərin istifadəsi vacib şərtlərdəndir. Xəstəliyin ilk əlamətlərini gözləmədən sahənin funqisidlə müalicə edilməsi tövsiyyə olunandır.