Kök çürüməsi nədir? Mübarizə tədbirləri
-
06-08-2024
-
Şərhlər
Torpaqda olan müxtəlif göbələklər taxıl bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan kök çürüməsi xəstəliyinə səbəb olur. Kök çürüməni əmələ gətirən göbələklər yarımparazit mikroorqanizmlər olduqları üçün zəif bitkiləri daha çox sirayətləndirir. Təbii iqlim amilləri, xüsusən yağıntılı hava şəraitinin çox çəkməsi, bitkilərin uzun müddət su altında qalması, onların kök sistemində havalanmanın zəifləməsi göbələklərin inkişafı üçün əlverişli şərait yaradır.
Bu xəstəliyin bir çox növü vardır. Azərbaycanda geniş yayılan və taxılın məhsuldarlığına ciddi ziyan vuran növlərindən biri Fuzarium kök çürüməsi xəstəliyidir. Xəstəliyin törədicisi olan Fusarium graminearum göbələyi Fusarium cinsinin nümayindəsidir. Bu göbələk bitkininin demək olar ki, bütün orqanlarında (kök, gövdə, sünbül, dən) müşahidə edilir. Xəstəliklə sirayətlənmiş taxıl cücərtiləri bəzən torpaq səthinə çıxmadan tələf olur. Xəstəliyə məruz qalmış cücərtilərin birinci və ikinci dərəcəli köklərində, kökboğazında qaralma müşahidə olunur, yarpaqları saralır. Vegetasiyanın sonrakı mərhələlərində fuzarioz güclü yayılarsa, məhsuldar gövdələrin bir çoxu tələf olur, əmələ gəlmiş dənlər isə olduqca yüngül və kiçik olur. Xəstəliyin bu mərhələsi sünbülün fuzariozu adlanır. Sünbülün fuzariozu əsasən süd-mum yetişməsi dövründə 70-75% nisbi rütubətdə çox intensiv inkişaf edir. Fuzariumla sirayətlənmiş dənlərin çəkisi olduqca yüngül, rəngi ağ, cücərmə qabiliyyəti zəif olur, onlar xəstəliyin bir ildən o biri ilə keçməsinin əsas mənbəyidir.
Kök çürüməsi xəstəliklərinə qarşı mübarizə tədbirləri.
Bitkilərin kök çürüməsi xəstəliklərinə qarşı davamlılığını artırmaq məqsədilə hər bir zona üçün torpaqda qida maddələrinin miqdarına müvafiq fosfor-kalium, çıxışdan sonra isə zəif yerlərə azot gübrəsinin verilməsi bitkinin qışlamanı yaxşı keçirməsini təmin etmək üçün səmərəlidir. Erkən yazda yemləmə şəklində azot gübrəsinin verilməsi isə bitkinin yaxşı kollanması və inkişafı üçün şərait yaradır.
Kök çürümə xəstəliyinin güclü yayıldığı əkin sahələrində taxılın təkrar əkilməsinə yol verilməməli, bu tədbir fasilə ilə 2-3 ildən bir həyata keçirilməlidir. Bir çox kənd təsərrüfatı bitkiləri – qarğıdalı, tütün, yonca, tərəvəz və paxlalı bitkilər taxılların kök çürüməsi xəstəliyindən mühafizə olunmasında ən yaxşı sələflər hesab edilir.
Biçindən sonra sahənin bitki qalıqlarından təmizlənməsi və dərin şum (20-25 sm) aparılması torpaqda olan kök çürümə törədicilərinin məhdudlaşmasına kömək edir. Əks halda kövşənin sahədə qalması və səthi becərmə onun təkrar inkişafı üçün əlverişli şərait yaradır. Fuzariumla güclü sirayətlənmiş taxıl sahələrindən əldə edilmiş toxumlardan səpin materialı kimi istifadə edilməsinə yol verilməməlidir. Kök çürüməsi xəstəliklərinə qarşı davamlı sortların seçilməsi də praktiki cəhətdən böyük əhəmiyyətə malikdir.