Meyvələrdə çatlar və səbəbləri
-
05-01-2022
-
Şərhlər
Meyvənin kəmiyyət və keyfiyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıran əsas zədələnmələrdən biri də məhsul yığımı qabağı meyvədə müşahidə olunan çatlama və parçalanmadır.
Alma, albalı, üzüm, gavalı, nar, gilas, xurma, avokado, püstə, sitrus meyvələri, banan kimi bir çox meyvələr çatlaya və ya parçalana bilir. Meyvənin çox isti, günəşli şəraitdə və ya son dərəcə dəyişkən temperaturda böyüdüyü zaman bu tip parçalanmalar yaranır. Ən çox görülən səbəb kimi bitkinin quraqlıqdan sonra verilən artıq miqdarda suyun mənimsəməsi göstərilir. Bitki qurumağa başlayanda qabıq sərtləşməyə başlayır. Sonra artıq suyu özünə çəkib, meyvə şişməyə çalışır, lakin sərt qabıq genişlənə bilmədiyi üçün çatlayır.
Məhsul yığımından sonrakı dövrdə, əsasən ətraf mühit şəraitindən asılı olaraq meyvələr saxlanarkən də çatlama ola bilər. Çatlamış (parçalanmış) meyvənin bazar (əmtəə) dəyəri aşağı düşür və meyvə aşağı keyfiyyətli olduğundan satılmır.
Meyvə çatlamasına bir çox amillər təsir edir. Səbəblər arasında genetik, morfoloji, ekoloji və fizioloji aspektlər var. Meyvənin çatlamağa meyli ilə meyvənin bəzi xüsusiyyətləri (meyvənin forması, ölçüsü, sərtliyi, meyvə qabığının anatomiyası və möhkəmliyi, meyvə qabığının ağızcıqları, osmotik konsentrasiyası, meyvə lətinin nəm ehtiyatı, böyümə fazası və s.) arasında müəyyən asılılıq vardır. Bundan əlavə, bağa qulluq (suvarma və qidalanma kimi) və ətraf mühit şəraiti (temperatur, külək,güclü yağış, dolu kimi) meyvələrin çatlamasına təsir göstərə bilər.
Meyvənin çatlaması kəmiyyət əlamətidir və bir neçə gen tərəfindən idarə olunur. Bu gün meyvələrin çatlamasını azaltmağın ən yaxşı yolu meyvələrin çatlamasına təsir edən su, qida maddələri və fizioloji amillərlə bağlı stressi minimuma endirməyə çalışmaq və yetişmiş meyvələri zamanında dərmək lazımdır.