Vilt xəstəliyi (soluxma) və pambıq bitkisinə zərəri
-
16-06-2025
-
Şərhlər
Vilt xəstəliyi Azərbaycanda geniş yayılaraq, pambıq məhsuluna xeyli ziyan vurur. Bu xəstəlik adətən iyunun ortalarında, pambığın qönçələrinin əmələ gəlməsi dövründən müşahidə edilir və vegetasiya müddətinin sonuna qədər davam edir.
Vilt xəstəliyi pambığın yarpaqlarında özünü ilkin olaraq solğun sarı ləkələr şəklində göstərir. Daha sonra bu ləkələr qonurlaşır, yarpaqlar quruyur və nəticədə tökülür. Yarpaqların tökülməsi ilə bitki çılpaq qalır.
Xəstəlik adətən pambığın aşağı hissəsindən başlayaraq yuxarı hissələrə doğru yayılır.
Vilt xəstəliyi bitkinin su və qida maddələrini ötürən damarlarını sirayətləndirir ki, nəticədə bitkilər tamamilə məhv olur ya da məhsuldarlıq çox aşağı düşür. Vilt xəstəliyinin törədici göbələyi torpaqdan bitkinin kökünə daxil olur, xüsusən də kökün mexaniki zədələnməsi bu prosesi sürətləndirir. Xəstəliyin törədicisi olan göbələklər özlərinin həyat fəaliyyəti nəticəsində bitkinin qida aparan sistemini zədələyir və toxumalara toksinlər (zəhərlər) ifraz edir ki, bunun nəticəsində bitki soluxub tələf olur.
Vilt xəstəliyi bitkinin sağlamlığını ciddi şəkildə pozduğundan, məhsuldarlığın kəskin azalmasına və ya bitkinin tamamilə məhv olmasına gətirib çıxarır. Ona görə də, viltin qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin görülməsi pambıq istehsalında böyük əhəmiyyətə malikdir.