Agrolab

Bizimlə əlaqə

close

Payızlıq əkinlərin qış mövsümündə monitorinqi

Payızlıq əkinlərin qış mövsümündə monitorinqi

  • 23-01-2025

  • Şərhlər

Payızlıq əkinlərin qış mövsümündə monitorinqi sahələrin vəziyyətini qiymətləndirmək, riskləri müəyyənləşdirmək və məhsuldarlığı qorumaq üçün həyata keçirilən mühüm aqrotexniki prosesdir. Bu proses fermerlərə düzgün qərarlar qəbul etməyə və mümkün itkilərin qarşısını almağa kömək edir.
Monitorinq zamanı bir sıra amillər nəzərə alınmalıdır. Temperaturun aşağı düşməsi nəticəsində bitkilərin durumu qiymətləndirilməli, onların yaşama qabiliyyətinə təsir edən amillər təhlil edilməli və cücərtilərin soyuq havaya davamlılığı yoxlanılmalıdır. Eyni zamanda, don və ya buz təbəqəsi səbəbindən yaranan zədələr də müəyyən edilməlidir.
 
Qar kifi kimi göbələk xəstəliklərinin erkən mərhələdə aşkarlanması və isti havalarda aktiv olan zərərvericilərin müşahidəsi vacibdir. Bundan əlavə, qış monitorinqi zamanı məhsuldarlığın proqnozlaşdırılması da diqqət mərkəzində olmalıdır. Bu mərhələdə bitkilərin sıxlığı və qışlama keyfiyyəti təhlil edilir.
 
Qış monitorinqi əsasən güclü soyuqlardan və ya qısa istilik dövrlərindən sonra aparılır. Bitkilərin vəziyyətini qiymətləndirmək üçün nümunələr götürülür. Laboratoriya araşdırmaları zamanı xəstəliklər, zədələr və kök sisteminin vəziyyəti ekspertizadan keçirilir. Nümunələrin götürülməsində əsas məqsəd müxtəlif inkişaf mərhələlərində torpaqda qışlayan həşəratları aşkarlamaq, iqtisadi ziyanvericilik həddini təyin etmək və torpaqda parazit qurdlar (məftil qurdu, sovka), xəstəlik törədən göbələklər kimi təhlükələri müəyyən etməkdir. Bu mərhələdə peyk şəkilləri və dronlar vasitəsilə sahələrin uzaqdan müşahidəsi kimi yeni texnologiyalardan da istifadə olunur.
 
Qış monitorinqi nəticəsində məhsula təsir edən problemlər vaxtında aşkarlanır, gübrələmə və emal işləri düzgün planlaşdırılır, məhsul itkisi riskləri azalır və dəqiq diaqnostika üçün aqronomlarla əməkdaşlıq təmin edilir. Payızlıq bitkilərin qış mövsümündə monitorinqi aqrar istehsal idarəetmə sisteminin əsas hissəsidir və bu proses potensial risklərin aşkar edilməsinə, əkinlərin dayanıqlığının artırılmasına və yüksək məhsuldarlığın təmin edilməsinə şərait yaradır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.