Qarğıdalı sahələrini ziyanvericilərdən necə xilas etmək olar?
-
28-08-2020
-
Şərhlər
Ölkəmizdə qarğıdalı bitkisinin yetişdirilməsi həm gəlirli, həm də bazar baxımından perspektivli sahədir. Bu bitki böyük aqronomik və ekoloji əhəmiyyətə malikdir. Texnoloji imkanlar, müasir hibridlər və təbii şərait bir çox bölgələrdə hektardan dünya göstəriciləri (təxminən 10 t / ha) səviyyəsində məhsuldarlıq əldə etməyə imkan verir.
Qarğıdalı sahələrindən yüksək məhsul əldə olunmasına mane yaradan səbəblər sırasında ziyanverici həşəratlar da əsas yerlərdən birini tutur.
2020-ci ilin yay mövsümündə müşahidə oluanan iqlim göstəriciləri (temperatur, nəmlik) kənd təsərrüfatı bitkilərinin intensiv inkişafına şərait yaratsa da, digər tərəfdən fermerlər sahələrində ziyanvericilərin aktivləşməsi təhlükəsi ilə üzləşirlər. Qeyd edilənləri nəzər alaraq qarğıdalı bitkisindən planlaşdırılan məhsulu əldə etmək üçün ziyanvericilərə qarşı mübarizəyə kifayət qədər diqqət yetirməlidirlər: Ümumdünya kənd təsərrüfatı təşkilatının (FAO) məlumatlarına əsasən, dünya üzrə qarğıdalı məhsulunun təxminən yarıya qədəri məhz ziyanvericilərə görə itirilir.
Qarğıdalı becərilən sahələrdə bu bitki üçün ziyanverici olan 200-dən çox zərərverici həşərat növü məlumdur. Qarğıdalının məhsuldarlığına həm polifaq: məftil qurdu, çəmən kəpənəyi, gəmirici və pambıq sovkaları, qarğıdalı gövdə kəpənəyi, eləcə də spesifik ziyanvericilər: taxıl böcəyi, İsveç milçəyi, müxtəlif növ taxıl mənənələri və s. əhəmiyyətli dərəcədə ziyan vurur.
Mütəxəssislərin hazırladığı monitorinq planına əsasən, əkin öncəsindən məhsul yığımına kimi olan bütün vegetasiya dövrü ərzində mütəmadi olaraq sahələrə diqqətli baxış keçirməlidir. Buna görə də, tarlalarımızı ziyanvericilərdən qorumaq və gələcəkdə kəmiyyət və keyfiyyət göstəriciləri baxımından yüksək məhsul əldə etmək üçün öncədən həşəratların ziyanvericilik həddini vaxtında müəyyənləşdirmək və müvafiq olaraq kimyəvi vasitələrdən (insektisidlərdən) istifadə etməklə mübarizə işlərini vaxtında aparmaq lazımdır.