Suyun mikrobioloji analizinin önəmi
-
29-06-2025
-
Şərhlər
Suyun mikrobioloji analizi — suda patogen bakteriyaların mövcudluğunu yoxlamaq üçün aparılan laboratoriya müayinəsidir. Bu analiz əsasən içməli su, suvarma məqsədilə istifadə olunan su və heyvandarlıqda istifadə olunan su üçün həyata keçirilir.
Sudakı patogen bakteriyalar — yəni xəstəlik törədən bakteriyalar — həm insanlar, həm heyvanlar, həm də bitkilər üçün ciddi sağlamlıq riskləri yaradır. İnsanlarda bu bakteriyalar infeksiyalara səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün bu infeksiyalar ağır fəsadlar törədə bilər. Suvarma zamanı bitkiləri belə su ilə suvardıqda patogen bakteriyalar kök və yarpaq xəstəliklərinə, məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinə, həmçinin torpağın faydalı mikrobioloji balansının pozulmasına səbəb ola bilər. Suyun rəngi, dadı və qoxusu normal görünsə belə mikrobioloji baxımdan təhlükəli ola bilər. Patogen bakteriyalar gözlə görünmür və bu da onların təhlükəliliyini artırır. Ona görə də yalnız laborator analiz real vəziyyəti göstərə bilər.
Bir çox insan yağış suyunun təmiz olduğunu düşünür, amma dam örtüklərindən axan suya toz, mikroorqanizmlər və s. qarışa bilər; beləliklə, su mikrobioloji baxımdan risk daşıya bilər.
Kənd təsərrüfatında istifadə olunan açıq su hövzələri torpaq, heyvan tullantısı və digər təsirlər nəticəsində daha çox mikrobioloji çirklənməyə məruz qalır. Bu da suvarılan bitkilər və torpaq mikroflorası üçün təhlükə yarada bilər.
Adi filtrasiya sistemləri mexaniki çirkləri təmizləsə də, bakteriyaların hamısını aradan qaldırmaya bilər. Xüsusilə ev filtr sistemləri patogenlərə qarşı zəif ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə dünyada bir çox yoluxucu xəstəliklərin yayılma səbəbi düzgün təmizlənməmiş suyun istifadəsidir. Xüsusilə kənd yerlərində bu problem daha aktualdır. Suyun mikrobioloji analizi sağlamlıq və məhsuldarlıq üçün həyati əhəmiyyət kəsb edir. Patogen bakteriyaların vaxtında aşkarlanması infeksiyaların qarşısını almağa, heyvandarlıq və kənd təsərrüfatında itkiləri azaltmağa imkan verir. Buna görə də su nümunələrinin müntəzəm laboratoriya yoxlamaları vacibdir.