Agrolab

Bizimlə əlaqə

close

Taxıllarda pas xəstəlikləri və yayılma xüsusiyyətləri

Taxıllarda pas xəstəlikləri və yayılma xüsusiyyətləri

  • 10-03-2025

  • Şərhlər

Pas xəstəlikləri taxıl bitkilərinin ən təhlükəli xəstəliklərindəndir və Bazidili göbələklərinin Uredinales sırasına daxildir. Azərbaycanda əsasən sarı pas, qonur pas və gövdə pası daha geniş yayılmışdır.
Sarı pas erkən yazda və payızda, qonur pas süd yetişmə mərhələsində, gövdə pası isə mum yetişmə dövründə inkişaf edir.

Sarı pas xəstəliyi
Törədici: Puccinia striiformis West göbələyidir.
Əlamətləri: Bitkilərin yarpaqlarının üst hissəsində sarı xətvari pustullar əmələ gəlir. Xəstəlik inkişaf etdikcə pustullar böyüyür, sporlar xaricə tökülərək sağlam bitkilərə yayılır.
Yayılma şəraiti: Qışın mülayim keçməsi, erkən yazda 10-13°C temperatur göbələyin inkişafı üçün optimaldır. Sporlar külək və həşəratlar vasitəsilə asanlıqla yayılır.
Ziyan Dərəcəsi: Məhsuldarlığın 17-35%-ə qədər azalmasına səbəb olur. Yarpaqların assimilyasiya səthi kiçilir, dənlər cılızlaşır və çəkisi azalır.

Qonur Pas Xəstəliyi
Törədici: Puccinia recondita Rab. Et Dest. F. Tritici Eriks göbələyidir.
Əlamətləri: Yarpaqlar üzərində dağınıq, qonur pustullar əmələ gəlir. Pustullar bir-birinə bitişik olmur.
Yayılma Şəraiti: Sporlar 2-31°C temperaturda inkişaf edir. Yazda və yayda kütləvi şəkildə yayılır, lakin yüksək temperatur və aşağı rütubət şəraitində inkişaf zəifləyir.
Ziyan Dərəcəsi: Məhsuldarlığa 6-10% ziyan vurur. Daha çox vegetasiyanın sonunda müşahidə olunur.

Mübarizə Tədbirləri: Xəstəliyə davamlı sortların əkilməsi
Növbəli əkin sisteminin tətbiqi: Taxılın ardıcıl eyni sahədə əkilməsi xəstəlik riskini artırır. Sələf bitkilərinin düzgün seçilməsi və növbəli əkin xəstəliklərin yayılmasının qarşısını alır.
Düzgün gübrələmə: Payızda şum altına fosfor-kalium gübrələri verilməlidir,
erkən yazda isə yemləmə şəklində azot gübrəsi tətbiq olunmalıdır.
Alaq otlarına qarşı mübarizə: Taxıl sahələrində yabanı otlar pas xəstəliklərinin yayılmasında əsas mənbədir. Onların vaxtında təmizlənməsi xəstəlik riskini azaldır.
Toxumların dərmanlanması: Taxıl toxumları səpin qabağı xüsusi preparatlarla dərmanlanmalıdır ki, ilkin yoluxmanın qarşısı alınsın.
Fitosanitar nəzarət: Vegetasiya dövründə mütəmadi müşahidələr aparılmalı və xəstəliyin ilkin əlamətləri aşkarlandıqda dərhal tədbirlər görülməlidir.
Kimyəvi mübarizə tədbirləri: Zəruri hallarda fungisidlərdən (məsələn, tebukonazol, propikonazol tərkibli preparatlar) istifadə edilməlidir. İstifadə təlimatlarına uyğun dozalarda tətbiq vacibdir.
Aqrotexniki tədbirlər: Optimal səpin norması, dərin şum, vaxtında suvarma və məhsul yığımından sonra sahənin təmizlənməsi vacibdir.

Pas xəstəlikləri taxılın məhsuldarlığına və keyfiyyətinə ciddi zərər vurur. Müvafiq aqrotexniki, kimyəvi və bioloji tədbirlərin vaxtında görülməsi bu xəstəliklərin yayılmasının qarşısını alır və bol məhsul əldə etməyə imkan yaradır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.