Termiki yanıq necə əmələ gəlir?
-
15-08-2024
-
Şərhlər
Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəliklərin meydana gəlməsinin başlıca səbəblərindən biri Azərbaycanda müxtəlif torpaq-iqlim şəraitinin mövcud olmasıdır, belə ki, torpağın aqrokimyəvi tərkibində və suvarma suyunda olan müxtəlif ionların miqdarının az və ya çox olması meyvə, tərəvəz və başqa kənd təsərrüfatı bitkilərində müxtəlif əlamətlərlə müşahidə olunur. Bunlarla yanaşı torpaq-iqlim amillərinin mənfi təsirləri nəticəsində bitkilərdə fizioloji proseslərin pozulması, termiki yanıqlar, qurumalar, soluxmalar və başqa əlamətlərlə müşahidə olunan qeyri-infeksion xəstəliklər meydana gəlir. Termiki yanıqlar əsasən günəşin intensiv şüalanması zamanı əmələ gəlir. Məsələn, pomidor meyvəsinin üzərində günəş şüalarının düşdüyü hissədə gümüşü ağ rəngdə, dairəvi formada sahə əmələ gəlir. Bu sahədə qabığın altında toxumaların (lətli hissənin) bərkiməsi müşahidə olunur. İntensiv şüalanma ilə səciyyəvi iqlimə malik olan bölgələrdə xəstəliklə zədələnmənin qarşısının alınması üçün möhkəm gövdəli, soluxmaya davamlı və tez əyilməyən sortlardan istifadə olunmalıdır. Meyvələrə kölgəsalan yarpaqların qoparılması xəstəliyin yayılmasına şərait yaradır. Bununla yanaşı, kalium çatışmazlığı bitkidə ümumi zəifliyə, stress və termiki təsirlərə davamsızlığa, fizioloji aktiv maddələrin əmələ gəlməsinin sürətinin azalmasına, meyvə yetişkənliyinin ləngiməsinə, karotinin miqdarının azalmasına səbəb olur (karotin fotosintez prosesi üçün önəmli olan bir fotosintetik piqmentdir).