Düzgün ting seçiminin önəmi
-
04-12-2024
-
Şərhlər
Meyvə bağı salarkən istifadə edilən tinglər vegetativ üsulla artırılan əkin materiallarıdır. Bu materiallara "ting" deyilir, onların yetişdirildiyi sahəyə isə "tinglik" adı verilir. Meyvə tingliyi meyvəçiliyin əsasını təşkil edir, çünki burada yüksək keyfiyyətli, sağlam və standarta uyğun tinglər yetişdirilir.
Tingin keyfiyyəti bağın gələcək məhsuldarlığı ilə birbaşa əlaqəlidir. Tingin sağlamlığı yalnız calaqaltından deyil, həm də calaqüstü hissəsinin keyfiyyətindən asılıdır. Bu, meyvə ağaclarının düzgün inkişafını və yüksək məhsul verməsini təmin edir.
Tingin keyfiyyətini və sağlamlığını təmin etmək üçün ən vacib addım tingi satın almadan əvvəl əkin materialının laboratoriya analizlərindən keçirilməsidir. Bu analizlər tingin karantin zərərvericiləri və xəstəliklərə yoluxub-yoluxmadığını müəyyən etməyə kömək edir. Əgər tinglər analiz olunmadan əkilərsə, xəstəliklər və zərərvericilər bir müddət sonra meyvə ağaclarına yayılaraq torpağın çirklənməsinə və bağın sağlamlığının pozulmasına səbəb olacaqdır.
Beləliklə, tinglərin keyfiyyətini öncədən qiymətləndirərək, meyvə bağlarının sağlamlığını və məhsuldarlığını artırmaq mümkündür. Təkcə məhsuldar deyil, eyni zamanda uzun ömürlü meyvə bağları qurmaq üçün bu cür önləyici tədbirlər vacibdir.