Tinqlər niyə analiz olunmalıdır?
-
10-03-2025
-
Şərhlər
Bağ salınmamış tinglərin analiz olunması bağçılıqda vacib mərhələlərdən biridir. Bu proses tinglərin sağlamlığının təmin olunması, xəstəliklərin qarşısının alınması və gələcəkdə məhsuldar bağların formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Tinglərin ətraflı yoxlanılması, xüsusilə Agrobacterium tumifaciens kimi təhlükəli xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaradır. Bu bakteriya bitkilərin kök boğazında və gövdədə şişkinliklər əmələ gətirərək, onların inkişafına maneə olur və nəticədə ağacın tədricən tam qurumasına səbəb olur. Xəstə tinglərin vaxtında müəyyənləşdirib bağdan uzaqlaşdırılması gələcəkdə xəstəliyin yayılmasının qarşısını alır.
Tinglərin yoxlanılması zamanı onların kök sistemi, gövdəsi və yarpaqları diqqətlə müşahidə edilməlidir. Əgər kök boğazında anormal şişkinliklər müşahidə olunarsa, mütləq tinglər analiz üçün laboratoriyaya göndərilməlidir. Analizlərdə patogenlərin mövcudluğu molekulyar üsullarla yoxlanılır .
Əgər bağınızda Agrobacterium tumifaciens kimi təhlükəli xəstəlik aşkarlanarsa tinglər məhv edilməli və torpaq dezinfeksiya olunaraq karantinə alınmalıdır.
Bundan əlavə, tinglər yalnız etibarlı və sertifikatlaşdırılmış mənbələrdən əldə edilməlidir. Tinglərin alınmasından əvvəl onların mənşəyi və fitosanitar vəziyyəti barədə məlumat toplanmalıdır. Əgər tinglər artıq əkilibsə və Agrobacterium tumifaciens infeksiyası müəyyən edilibsə, xəstə bitkilər dərhal bağdan çıxarılmalı və yandırılmalıdır. Həmin ərazilərdə müəyyən müddət ərzində yeni tinglərin əkilməsi məsləhət görülmür.
Eyni zamanda, tinglərin əkilməsi zamanı alətlərin təmizliyinə və dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir. Çünki alətlər vasitəsilə bakteriyalar asanlıqla bir bitkidən digərinə keçə bilir. Suvarma zamanı da gigiyenik qaydalara əməl edilməli və su mənbələri çirklənmədən qorunmalıdır. Təcrübəli bağbanlar tinglərin analizinin bağçılığın uğuru üçün əsas amillərdən biri olduğunu yaxşı bilirlər.
Vaxtında aparılan yoxlamalar gələcəkdə böyük problemlərin qarşısını almağa və məhsuldar, sağlam bağların formalaşmasına zəmin yaradır. Bu səbəbdən, bağ salmazdan öncə tinglərin hərtərəfli yoxlanılması və zəruri profilaktik tədbirlərin həyata keçirilməsi bağçılıqda uğurlu nəticələr əldə etməyin əsas şərtlərindən biridir.