Torpaq və bitki qidalanmasında gübrələmə prosesləri
-
30-09-2025
-
Şərhlər
Bitki əkildikdən sonra torpaq və bitkiyə qulluq işləri aparılmalıdır. Əkindən sonrakı vacib tədbirlərdən biri də gübrələnmə prosesidir. Uzun müddət eyni torpaqda bitki becərildikdə torpaqda qida maddələrinin çatışmazlığı müşahidə olunur.
Oksigen, hidrogen, azot, fosfor, kalium, kükürd, dəmir və digər elementlər qida maddələri hesab olunur. Bu maddələr üzvi və mineral gübrələr şəklində tətbiq olunaraq torpaq məhlulunda ionlaşma və parçalanma nəticəsində bitki üçün əlçatan formaya çevrilir. Əsas gübrələr səpindən əvvəl dərin şum altına verilir və bu proses üçün payız və yaz ayları məqsədəuyğun hesab olunur. Əsas gübrələmə proqramının məqsədi bitkilərin müxtəlif inkişaf dövrlərində zəruri qida elementləri ilə təmin olunmasıdır. Gübrə dərin qatlara tətbiq edildiyi üçün bitkilər vegetativ inkişaf mərhələlərində ondan asanlıqla yararlana bilir. Peyin, fosfor və kalium gübrələrinin illik normasının yarıdan çox hissəsi dondurma şumu altına, qalan hissəsi isə vegetasiya dövründə əlavə gübrələmə, xüsusilə yemləmə şəklində verilir. Azot gübrələrinin isə əsasən yaz aylarında tətbiqi məqsədəuyğundur.
Gübrələrin torpağa tətbiq dərinliyi uducu köklərin əsas kütləsinin yerləşdiyi qata uyğun olmalıdır. Qida maddələrindən zəif olan torpaqlarda şum zamanı verilən gübrələrin norması bir qədər artırılır. Mineral gübrələr payız və yaz aylarında şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran gübrələr) tətbiq olunur. Gübrələrin tətbiqindən əvvəl torpaq analizinin aparılması və ehtiyaca uyğun normada və vaxtda gübrənin tətbiqi tövsiyə olunur.
Üzvi gübrələr — peyin, kompost, peyin şirəsi, torf və s. — torpaqda gec minerallaşdığı üçün daha çox payız və qış aylarında istifadə olunması məsləhət görülür. Üzvi gübrələrdən ayrılan istilik qış aylarında bitkini şaxtadan qoruyur və vegetasiya dövrü başlayana qədər parçalanaraq bitkinin istifadə edə biləcəyi formaya çevrilir.
Mineral gübrələr — azot, fosfor və kalium tərkibli makrogübrələr — əsasən yazqabağı tətbiq edilir. Azot tərkibli gübrələrin yay aylarında verilməsi həm qida maddələrinin təminatı baxımından, həm də torpağın sərin qalmasına xidmət edir. Gübrələnmə norması torpağın tərkibi, bitkinin yaşı və bioloji xüsusiyyətlərindən asılıdır. Mineral gübrələr tərkibinin zənginliyi sayəsində bitkiləri zəruri qida maddələri ilə təmin edir. Nəticədə düzgün qidalanma proqramı sayəsində sahələrdən bol, keyfiyyətli və qida maddələri ilə zəngin məhsul yığımı əldə olunur.