Gips nə vaxt və hansı üsulla tətbiq olunmalıdır?
-
02-02-2026
-
Şərhlər
Torpaqda gipsin tətbiqi çox zaman yanlış başa düşülür. Bəzi hallarda gips gübrə kimi qəbul edilir, bəzən isə bir dəfə verilib dərhal nəticə gözlənilir. Halbuki gips torpağın “qidası” deyil, onun bərpa və yaxşılaşdırma vasitəsidir. Xüsusilə pH göstəricisi yüksək olan, natrium və xlorla yüklənmiş, bərkimış və suyu çətin keçirən torpaqlarda gipsin rolu olduqca böyükdür.
Belə torpaqlarda əsas problem ondan ibarətdir ki, natrium torpaq hissəciklərini bir-birindən ayırır, torpaq strukturu dağılır, bərkiyir və su keçiriciliyi zəifləyir. Nəticədə bitki kökləri normal nəfəs ala bilmir. Torpaqda qida maddələri mövcud olsa da, bitkilər onları mənimsəyə bilmir. Bir çox hallarda fermerlər “gübrə verdim, xeyri olmadı” deyə bildirirlər. Bu zaman problem gübrədə deyil, torpağın fiziki-kimyəvi vəziyyətində olur.
Gips torpağa verildikdə, torpaq nəmliyi ilə həll olur və tərkibindən kalsium ayrılır. Kalsium torpaq üçün çox vacib elementdir və torpaqda natriumu sıxışdırıb onun yerini tutur. Natrium torpaq hissəciklərindən ayrılaraq torpaq məhluluna keçir və artıq torpağa yapışmır. Bu, gipsin əsas təsir mexanizmidir. Gips natriumu torpaqdan ayırır, lakin onu tam uzaqlaşdırmır. Bu mərhələdə ikinci mühüm amil – su ortaya çıxır.
Əgər gips tətbiq edilib, lakin suvarma aparılmayıbsa, nəticə zəif olacaq. Çünki natrium torpaq məhluluna keçdikdən sonra su vasitəsilə yuyulmalıdır. Suvarma və ya yağıntılar nəticəsində bu duzlar torpağın alt qatlarına doğru hərəkət edir və beləliklə torpaqda duzluluq tədricən azalır. Bu baxımdan demək olar ki, gips və su birgə işləyir: gips prosesi başladan vasitədir, su isə onu tamamlayan əsas faktordur.
Gipsin təsiri dərhal görünmür və bu hal fermerlərdə bəzən narahatlıq yaradır. İlk həftələrdə torpaqda kimyəvi proseslər gedir, lakin gözlə görünən dəyişiklik üçün zaman tələb olunur. Təxminən bir-iki ay sonra torpaq yumşalmağa başlayır, suyun torpağa keçməsi asanlaşır, səthdə qaysaq əmələ gəlməsi azalır. Bir neçə ay ərzində natrium və xlorun zərərli təsiri zəifləyir. Tam və stabil nəticə isə adətən bir il, bəzən isə iki il ərzində formalaşır. Xüsusilə ağır və şorakətli torpaqlarda gips mərhələli şəkildə tətbiq edilməlidir.
Bağ sahələrində gipsin tətbiqi də müəyyən qaydalara uyğun aparılmalıdır. Ən münasib vaxt payız mövsümüdür. Bu dövrdə verilən gipsin torpağa təsir etməsində qış yağıntıları və suvarmalar mühüm rol oynayır. Gips ağacın tacı altına və ya cərgə boyunca səpilir, yüngül torpaq işlənməsi aparılır və mütləq suvarma həyata keçirilir. Bir ağac üçün orta hesabla 5–10 kq gips kifayət edir, lakin bu norma torpağın vəziyyətindən asılı olaraq dəyişə bilər. Damla suvarma sistemi olan bağlarda gipsin cərgələr üzrə verilməsi daha effektiv nəticə verir.
Tarla bitkiləri üçün gips əsasən payızda şum altına tətbiq olunur. Bu üsul torpağın qış dövründə bərpasına şərait yaradır. Əgər payızda tətbiq edilməyibsə, əkinə bir neçə həftə qalmış da gips verilə bilər. Əsas şərt gipsin torpaqla qarışması və sonra su almasıdır. Zəif duzluluqda hektara 1–2 ton, orta duzluluqda 2–4 ton, güclü şorakətli torpaqlarda isə 4–6 ton gips tətbiqi məqsədəuyğundur.
Bu prosesdə bir neçə vacib məqama diqqət yetirilməlidir. Gipsin suvarmasız tətbiqi, dərhal nəticə gözlənilməsi, torpaq analizinə əsaslanmadan norma seçilməsi və ya gipsin əhənglə qarışdırılması düzgün hesab edilmir. Hər torpağın problemi fərqlidir və gips yalnız düzgün yerdə və düzgün miqdarda tətbiq edildikdə fayda verir.
Nəticə etibarilə demək olar ki, gips torpağı “təmizləyən” deyil, onu yenidən işlək vəziyyətə gətirən vasitədir. Torpaq hava və su rejimini bərpa edir, kök sistemi daha yaxşı inkişaf edir, gübrələrin təsiri artır və məhsuldarlıq tədricən yüksəlir. Səbr və düzgün texnologiya ilə gips torpağın əsas problemlərindən biri olan duzluluğun və natriumun zərərli təsirinin azalmasına kömək edir.
Bəzi hallarda fermerlər payız mövsümündə gips tətbiq edə bilmir. Vaxt çatışmazlığı, məhsul yığımının gecikməsi, suvarma problemləri və ya torpaq analizinin gec aparılması buna səbəb ola bilər. Məsələn, qış aylarında aparılan laboratoriya analizləri torpaqda pH göstəricisinin yüksək, natrium və xlor miqdarının normadan artıq olduğunu göstərir və fermer “artıq gecdir” düşüncəsinə qapılır. Halbuki bu mərhələdə də tətbiq mümkündür, sadəcə üsul bir qədər fərqlənir.
Yanvar–fevral aylarında, torpaq tam donmamış və səth çox palçıqlı olmadığı halda, bağ sahələrində gips tətbiq etmək mümkündür. Bu mərhələdə məqsəd torpağı tam bərpa etmək deyil, ağacları yaz mövsümünə qədər dəstəkləməkdir. Bu dövrdə verilən gips qış və erkən yaz yağıntılarından maksimum istifadə etməyə imkan yaradır.
Qış mövsümündə gips ağacın birbaşa dibinə yığılmamalıdır. Ən düzgün üsul onun ağacın tacı altına, kök zonasının yerləşdiyi sahəyə səpilməsidir. Torpaq bu vaxt dərindən işlənmir, gips səthi şəkildə tətbiq olunur. Yaz yağışları və ilk suvarmalar gipsin tədricən torpağın dərin qatlarına keçməsini təmin edir. Bu zaman kalsium yavaş-yavaş natriumu sıxışdırmağa başlayır və torpaq yaz mövsümünə daha hazırlıqlı daxil olur.
Yanvar ayında tətbiq edilən gipsdən dərhal nəzərəçarpacaq nəticə gözləmək olmaz. Lakin onun əsas üstünlüyü ondan ibarətdir ki, yazda torpaq ani dəyişikliklə üzləşmir. Torpaq artıq müəyyən qədər yumşalmış olur, suyu daha yaxşı qəbul edir və ağac kökləri vegetasiya dövrünə daha rahat başlayır. Bu isə yaz oyanışı zamanı bitkilərin stressini əhəmiyyətli dərəcədə azaldır.
Damla suvarma sistemi olan bağlarda qış mövsümündə gipsin cərgələr üzrə səpilməsi və yazda ilk suvarmalarla birlikdə təsirinin aktivləşdirilməsi olduqca düzgün yanaşmadır. Yazda bitkilər oyanan zaman torpaq artıq daha əlverişli vəziyyətdə olur və verilən gübrələr daha səmərəli mənimsənilir.
Tarla sahələrində də oxşar yanaşma mümkündür. Əgər gips payızda tətbiq edilməyibsə, qışın sonu – fevral ayı uyğun vaxt hesab olunur. Bu dövrdə torpaq hələ nəmliyini itirməmiş olur, yaz əkininə qədər kifayət qədər vaxt qalır və gipsin torpaqda təsir göstərməsi üçün əlverişli şərait yaranır. Bu halda gips səthə verilir, torpaq yüngül şəkildə qarışdırılır və yaz yağıntıları prosesin davamını təmin edir.
Beləliklə, gips üçün “gec” anlayışı mövcud deyil, sadəcə tətbiq vaxtına uyğun istifadə üsulu dəyişir. Payızda torpağın bərpası üçün, qışda isə torpağın yaz mövsümünə hazırlanması və bitkilərin stresssiz oyanması məqsədilə tətbiq olunur. Fermerlər bu məqamları nəzərə aldıqda, gipsdən daha düzgün və daha faydalı şəkildə istifadə edə bilirlər.
Gülnarə Abbasova - Aqronom konsultant