Agrolab

Bizimlə əlaqə

close

Bioloji sınaq metodu ilə torpaqda post-herbisid təsiri analizi

Bioloji sınaq metodu ilə torpaqda post-herbisid təsiri analizi

  • 16-03-2021

  • Şərhlər

Herbisid ( lat. herba — ot və caedo — öldürürəm) – kənd təsərrüfatında alaq otlarını məhv etmək üçün tətbiq olunan kimyəvi maddələrdir. Herbisidlər müxtəlif parçalanma dövrlərinə malik güclü bioloji aktiv maddələrdir. Bəzilərinin qalıqları torpaqda bir neçə il qala bilir və əkilmiş bitkilərə mənfi təsir göstərir. Bu təsir “post-herbisid təsiri” adlanır.
Torpaqda pestisidlərin qalıq miqdarının, bitkilərin böyümə və inkişafına təsirini aydınlaşdırmaq məqsədi ilə bioloji sınaq metodu icra olunur. Bunun üçün təcrübə aparılan ərazidə herbisid istifadə olunmayan sahədən və herbisid tətbiq edilmiş sahədən torpaq nümunəsi götürülür. Müvafiq olaraq kontrol və sınaq adlandırdığımız bu torpaq nümunələrinin hər ikisində, tətbiq olunmuş herbisidlərə daha həssas olan indikator bitkilərin və həmin sahədə əkilməsi planlaşdırılan bitkinin bərabər sayda toxumları əkilir. Herbisid qalıqlarının təsirinə daha həssas olan bitkilər dedikdə kələm, çuğundur, kartof, günəbaxan, qarabaşaq və s. misal çəkə bilərik. Təcrübənin gedişatında bitkinin ümumi vəziyyəti, böyümə və inkişafının müşahidəsi,yerüstü və yeraltı hissəsinin çəkisi, kontrol və sınaq arasında vizual fərqlərə diqqət edilir. Beləliklə , torpaqda əkiləcək bitkiyə mənfi təsir edəcək qalıq herbisidin olub olmaması müəyyən edilir.
Ancaq belə bir məqam var ki, bəzən fermerlər qarşılaşdıqları bu problemin əsl səbəbini dəqiq şəkildə müəyyən edə bilmirlər. Bitkilərdəki belə əlamətlərə başqa bənzər təsirlər də səbəb ola bilər: torpaqların şoranlaşması, gübrələrin həddindən artıq dozası və ya əksinə mineral qida çatışmazlığı və s. Buna görə də, belə bir mübahisəli məqam yarandıqda doğru nəticə əldə etmək üçün mütəxəssislərə müraciət etmək məqsədə uyğundur.
 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.