Toxumun keyfiyyət göstəriciləri və məhsuldarlığa təsiri
-
02-09-2025
-
Şərhlər
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı birbaşa səpin materialının keyfiyyətindən asılıdır. Yüksək nəticə əldə etmək üçün səpin yalnız dövlət standartlarına cavab verən toxumlarla aparılmalıdır.
Toxumun keyfiyyətini müəyyən edən əsas amillər onun təmizliyi, laboratoriya cücərməsi, cücərmə enerjisi, böyümə gücü, həyat qabiliyyəti, nəmliyi, 1000 ədəd toxumun kütləsi və xəstəliklərə və zərərvericilərə yoluxma dərəcəsidir.
Səpin aparılmadan öncə toxumların keyfiyyətindən əmin olmaq üçün onlar mütləq laboratoriyada analiz edilməlidir. Toxumların keyfiyyəti “toxum və əkin materialının fitoekspertizası” analizlərinin nəticələrinə əsasən müəyyən olunur.
Toxumun təmizliyi – toxumluq materialda əsas bitki toxumlarının kütləsinə görə faizlə ifadə olunan miqdarıdır.
Toxumun laboratoriya cücərməsi – hər bitki üçün müəyyən olunmuş müddətdə (adətən 7–8 gün) analiz nümunəsində normal cücərmiş toxumların faiz göstəricisidir.
Toxumun cücərmə enerjisi - qısa müddətdə (3–4 gün) normal cücərən toxumların faizini əks etdirir.
Toxumun böyümə gücü - toxum cücərtilərinin torpağı və ya qumu (3–5 sm) yararaq səthə çıxmaq qabiliyyəti ilə xarakterizə olunur. Bu göstərici sağlam cücərtilərin miqdarı ilə müəyyən edilir və onuncu günün sonunda səthə çıxmış yaşıl cücərtilərin 100 ədədə görə hesablanmış ümumi kütləsi ilə (qramla) ölçülür.
Toxumun həyat qabiliyyəti - toxumluq materialda canlı toxumların faiz göstəricisidir.
Toxumun nəmliyi – toxumda nəmliyin %-lə miqdarı. Nəmlik standartına normalaşdırılmış kondisiyaya uyğun adlanır.
1000 ədəd toxumun kütləsi - onların quru halda ümumi çəkisinin qramla ölçülməsidir.
Toxumların zərərverici və xəstəliklərlə yoluxma dərəcəsi də keyfiyyət göstəricilərinə aiddir. Əgər analiz zamanı toxumlarda canlı zərərvericilər və onların sürfələri (məsələn, sürmə torbası, buğda nematod fırları) aşkar edilərsə, belə toxumlar səpin üçün yararsız hesab olunur.
Toxumun səpinə yararlılığı - təmiz və normal cücərti verən əsas bitki toxumlarının faiz miqdarı ilə müəyyən edilir.