Agrolab

Bizimlə əlaqə

close

Unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirləri

Unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirləri

  • 10-10-2024

  • Şərhlər

Törədici: Uncinula necator (syn. Erysiphe necator)

Bağ bitkiləri üçün təhlükəli olan göbələk mənşəli xəstəliklərdən biridir. Azərbaycanın bütün üzümçülük bölgələrində tez-tez rast gəlinən xəstəlikdir. Yoluxmuş yarpaqların üst hissəsində əvvəlcə açıq rəngli ləkələr, sonra ağ unlu örtük, daha sonra boz kül rəngli ləkələr əmələ gəlir. Sonradan yarpağın aşağı hissəsi, saplaq, zoğlar və gilələr də ağ örtüklə örtülür. Xəstəliyə qarşı həssaslıq çiçəkləmə dövründə başlayır, çiçəkləmədən sonra isə 30 gün davam edir. Havanın yağıntılı, sərin keçməsi xəstəliyin şiddətli yayılmasına səbəb olur. Yayda havalar qızdıqca nisbi rütubət azalır, bununla əlaqədar olaraq unlu şeh inkişafı həmin dövrdə zəifləyir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25 C° hesab olunur. 
Unlu şeh üzüm bağlarına müxtəlif yollarla ziyan vurur. İlk növbədə yarpaqları zədələyərək fotosintez prosesinə mane olur və meyvənin keyfiyyətini aşağı salır. Əksər hallarda bütöv üzüm salxımı qoparaq məhv olur. Yoluxmuş yarpaqların kənarları içəriyə doğru qıvrılır. Ümumiyyətlə, oidiuma (unlu şeh) yoluxmuş gilələr inkişafdan qalır, tamamilə quruyur. Amma mildiu (yalançı unlu şeh) xəstəliyinə yoluxmadan fərqli olaraq oidiuma (unlu şeh) yoluxmuş gilələr tökülmür, ancaq partlayır və bunun nəticəsində digər fitopatogen göbələklərin meyvəyə yoluxmasına səbəb olur. Patogen əsasən bitki qalıqlarında qışlayaraq yazda əlverişli hava şəraiti olan kimi fəaliyyətə başlayır. 


Xəstəliklə mübarizə üçün xəstəliyə səbəb olacaq infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır, tənəklərin normal havalanmasına şərait yaradılmalıdır. Eləcə də yaşıl budama əməliyyatı aparılmalıdır:
1. Artıq yaşıl zoğların qopardılması;
2. Zoğların ucunun qopardılması;
3. Bic zoğların ucunun qopardılması;
4. Zoğların ucunun vurulması;
5. Yaşıl zoğların bağlanması.

Unlu şeh kükürd və misdən başqa digər maddələrə qarşı özündə müqavimət yaradır, ona görə də dərmanlardan növbəli şəkildə istifadə etmək lazımdır. Mövsüm ərzində bir preparat bir dəfədən artıq istifadə edilməməlidir. Kükürd və mis ən geniş istifadə olunan təhlükəsiz mübarizə vasitələridir. Bu maddələr erkən səpildikdə xəstəliyin qarşısını alır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.