Üzüm bitkisində unlu şeh xəstəliyi
-
19-09-2023
-
Şərhlər
Törədici: Uncinula necator (syn. Erysiphe necator)
Bağ bitkiləri üçün təhlükəli olan göbələk mənşəli xəstəliklərdən biridir. Azərbaycanın bütün üzümçülük bölgələrində tez-tez rast gəlinən xəstəlikdir. Yoluxmuş yarpaqların üst hissəsində əvvəlcə açıq rəngli ləkələr, sonra ağ unlu örtük, daha sonra boz kül rəngli ləkələr əmələ gəlir. Sonradan yarpağın aşağı hissəsi, saplaq, zoğlar və gilələr də ağ örtüklə örtülür. Xəstəliyə qarşı həssaqlıq çiçəkləmə dövründə başlayır, çiçəkləmədən sonra isə 30 gün davam edir. Havanın yağıntılı, sərin keçməsi xəstəliyin şiddətli yayılmasına səbəb olur. Yayda havalar qızdıqca nisbi rütubət azalır, bununla əlaqədar olaraq unlu şeh inkişafı həmin dövrdə zəifləyir. Xəstəliyin inkişafı üçün optimal temperatur 250C heasb olunur. İkinci dərəcəli yoluxma halının baş verməsi üçün əlavə rütubətə ehtiyac qalmır. Unlu şeh üzüm bağlarına müxtəlif yollarla ziyan vurur. İlk növbədə yarpaqları zədələyərək fotosintez prosesinə mane olur və ya meyvənin keyfiyyətini və aşağı salır. Əksər hallarda bütöv üzüm salxımı qoparaq məhv olur. Yoluxmuş yarpaqların kənarları içəriyə doğru qıvrılır, səthinin hamarlılığı və parlaqlılığı itir. Ümumiyyətlə, oidiuma (unlu şeh) yoluxmuş gilələr inkişafdan qalır, tamamilə quruyur. Amma, mildiu (yalançı unlu şeh) xəstəliyinə yoluxmadan fərqli olaraq oidiuma (unlu şeh) yoluxmuş gilələr tökülmür, ancaq partlayır və bunun nəticəsundə digər fitopatogen göbələklərin meyvəyə yoluxmasına səbəb olur. Patogen əsasən bitki qalıqlarında qışlayaraq yazda əlverişli hava şəraiti olan kimi fəaliyyətə başlayır.
Xəstəliklə mübarizə: Xəstəliyə səbəb olacaq infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır. Bundan başqa tənəklərin normal havalanmasına şərait yaradılmalıdır. Yaşıl budama əməliyyatı aparılmalıdır.
1. Artıq yaşıl zoğların qopardılması;
2. Zoğların ucunun qopardılması;
3. Bic zoğların ucunun qopardılması;
4. Zoğların ucunun vurulması;
5. Yaşıl zoğların bağlanması.
Unlu şeh kükürd və misdən başqa digər maddələrə qarşı özündə müqavimət yaradır, ona görə də dərmanlardan növbəli şəkildə istifadə etmək lazımdır. Mövsüm ərzində bir preparatı bir dəfədən artıq istifadə etməyin. Kükürd və mis ən geniş istifadə olunan təhlükəsiz mübarizə vasitələridir. Bu maddələr erkən səpildikdə xəstəliyin qarşısını alır.