Agrolab

Bizimlə əlaqə

close

Üzüm salxımında irili-xırdalı, qeyri-bərabər böyüklükdə giləmeyvələrin olmasının SƏBƏBİ

Üzüm salxımında irili-xırdalı, qeyri-bərabər böyüklükdə giləmeyvələrin olmasının SƏBƏBİ

  • 15-07-2022

  • Şərhlər

Üzüm bitkisində tumurcuq əmələ gəldikdən 8 həftə sonra çiçəklənmə başlayır, hansı ki, həmin zaman havanın orta sutkalıq temperaturu 20 C0-yə çatır. Çiçəklənmə prosesi sitokinin və gibberilin hormonlarının təsiri altında baş verir. Sitokinin kökdə, giberilin isə bitkinin yerüstü hissəsində sintez olunur. 
Üzüm çiçəkləri həm ikicinsli (erkəkcik və dişicik) həm də bircinsli (məs., yalnız dişicikli) olur. İkicinsli çiçəklər öz-özünə tozlana bildiyi halda bircinsli çiçəkləri (yalnız dişicikli) olan bitkilər çarpaz tozlanır. Çarpaz tozlanma o zaman mümkün ola bilər ki, həmin üzüm bitkisinin yanında müxtəlif sort, müxtəlif tip çiçəkləri olan, lakin çiçəklənmə vaxtı üst-üstə düşən digər üzüm bitkiləri olsun. 
Çarpaz tozlanma prosesi külək vasitəsilə baş verir. Proses təxminən 48-72 saat çəkir. Tozlanma nəticəsində giləmeyvədə çəyirdək əmələ gəlir. Tozlanmadan sonra dişicik ağızcığı quruyur və tökülür. Əgər hər hansı bir səbəbdən tozcuq dişicik ağızcığına düşməzsə bu zaman mayalanmamış çiçək əmələ gəlir. Nəticədə qeyri-bərabər yetişmiş, daha doğrusu, xırda, yumru, çəyirdəksiz giləmeyvələr əmələ gəlir. 
Bu problemin baş vermə səbəbi giləmeyvənin əmələ gəlməsinə lazım olan normal şəraitin olmamasıdır. Məsələn, rütubət, qida elementlərinin (azot, fosfor, bor, sink) çatışmazlığı. Bəzən isə üzüm kolu həddən artıq “yüklənmiş” olur və bitkinin giləmeyvə əmələ gətirməni sonlandırmağa gücü çatmır. 
Üzümdə çiçəklənmə (mayalanma) çox həssas prosesdir. Əlverişsiz şəraitdə baş verən çiçəklənmə zamanı 70-80% məhsul itkisi baş verə bilər. 

Çarpaz tozlanma prosesinə təsir edən faktorlar:

  • Temperatur;
  • Rütubət;
  • Yağıntı miqdarı;
  • Küləyin sürəti və davam etmə vaxtı.
  • Ən yaxşı tozlanma şəraiti isə zəif külək, temperatur 20 0C-dən yuxarı olan quru hava şəraitidir. 

 

Küləkli hava şəraiti olmadıqda, çarpaz tozlanma prosesini aparmaq üçün süni surətdə hava axını yaratmaq mümkündür. Məsələn, bağda çiləyici sərinkeşlərdən istifadə etməklə bunu etmək olar. Hava axınını aşağıdan yuxarıya doğru olmaqla yönləndirmək lazımdır. 
Kişmiş (çəyirdəksiz) üzüm sortunun məhsuldarlığını artırmaq üçün tərkibində gibberelin hormonu olan sintetik preparatlardan istifadə edilir.
Yuxarıda sadalananlardan əlavə aqrotexniki qulluğun da, daha doğrusu, budanma da məhsuldar salxım əldə etməkdə böyük rol oynayır. Bunun üçün bitkinin həddən artıq giləmeyvə ilə yüklənməsinin qarşısını almaq lazımdır. Buna görə çiçəklənmədən öncə zoğların ucu budanmalıdır. Çiçək əmələ gəlmədən giləmeyvə formalaşana qədər olan dövrdə qida maddələrinin çiçəyə doğru yönəltmək üçün şərait yaradılmalıdır, çiçək (salxım) bir nömrəli “qidalanan” olmalıdır. 

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.