Vertisilliyoz və ya bitkilərin infeksion soluxması
-
01-08-2024
-
Şərhlər
Vertisillium (Verticillium spp.) bitkilərdə soluxma xəstəliyini törədən torpaq mənşəli göbələkdir. Xəstəlik adətən meyvələrin formalaşması dövrü meydana çıxır. Əvvəlcə bitkilərin alt yarpaqlarında saralma müşahidə olunur, daha sonra açıq-sarı çalarlı qonur ləkələr meydana çıxır və bitki tədricən soluxur. Bu göbələk bitkilərin qida borularını tıxaclaşdırıb doldurur. Xəstə bitkilər boy və inkişafdan qalır, məhsuldarlıq azalır. Xəstəliyin kütləvi yayıldığı illərdə məhsul itkisi 38-55% olur. Xəstə bitkilərdə gövdənin aşağı hissəsinin eninə kəsiyi zamanı ksilema borularının sarımtıl-qonur rəngdə olması patogenin sorucu sistemdə yayıldığı və toksinlərinin dağıdıcı təsirinin göstəricisidir. Patoloji prosesin getmə sürətindən asılı olaraq, kəskin və xroniki xəstəlik formalarını fərqləndirirlər. Kəskin forma zamanı ağaclar 8-10 gün müddətində soluxur, quruyur. Xroniki formada isə ağaclarda tədricən soluxma baş verir və bir neçə il ərzində məhv olma müşahidə edilmir.
Bu xəstəliklə mübarizə aparmaq üçün davamlı sortların becərilməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi, ən yaxşı sələf bitkisinin seçilməsi əhəmiyyətlidir. Üçyarpaq yonca önəmli dərəcədə vertisillium göbələklərinin inkişafının qarşısını alır. Dərin dondurma şumu, torpağın pH-nın 6,5-7,0 səviyyəsində saxlanması, nitrat azotundan istifadə, istixana və parniklərin dezinfeksiyası, son olaraq isə toxumların dərmanlanması vacibdir.