Xiyar bitkisində unlu şeh
-
19-06-2024
-
Şərhlər
Unlu şeh xəstəliyinə açıq və ya örtülü ərazilərdə becərilən bütün tərəvəz bitkilərində rast gəlinir. Örtülü şəraitdə xəstəliyə bitkilərin becərilmə rejimi pozulan istixanalarda daha çox rast gəlinir. Xəstəlik bitkilərin bütün inkişaf fazasında meydana çıxa bilər.
Yarpaqların əvvəlcə üst, sonra alt tərəfində ağ unlu örtük əmələ gəlir. Yarpaqlar və gövdələr güclü yoluxan zaman tamamilə unlu örtüklə əhatə olunur, yarpaqlar saralır və quruyurlar. Yarpaqların yoluxması nəticəsində bitkilər inkişafdan qalır, meyvələr kiçik olur, tarla şəraitində becərilən xiyar məhsulu 54-70%, istixanalarda isə 100%-ə qədər azala bilir.
Unlu şeh xəstəliyinin inkişafına kəskin temperatur dəyişməsi və havanın nisbi rütubəti təsir göstərir. Göbələyin inkişafı üçün optimal temperatur 25-30°C, hətta 20°C temperaturda da göbələk inkişafa başlaya bilər.
Mübarizə tədbirləri:
Növbəli əkin sisteminə əməl edilməli;
Məhsul yığıldıqdan sonra bitki qalıqları məhv edilməli;
Vegetasiya dövründə sirayətlənmiş bitkilərə müvafiq fungisidlərlə çiləmə aparılmalı;
Aqrotexniki qaydalara düzgün əməl edilməli;
Torpaqda gübrələmə sistemi düzgün aparılmalıdır.