Agrolab

Bizimlə əlaqə

close

Yaz yağışları zamanı məhsula gizli təhlükə

Yaz yağışları zamanı məhsula gizli təhlükə

  • 25-05-2025

  • Şərhlər

Aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində yağıntıların bol olması və günəşli günlərin azlığı müşahidə olunur. Torpağın həddindən artıq rütubətli olduğu belə hava şəraiti kənd təsərrüfatı bitkilərində təhlükəli xəstəliklərdən biri olan kök çürümələrinin sürətlə yayılmasına əlverişli şərait yaradır.

Kök çürümələri – Fusarium, Rhizoctonia, Pythium və Phytophthora kimi torpaq mənşəli göbələklərin törətdiyi bir qrup xəstəliklərdir. Bu patogenlər toxumları, cücərtiləri və inkişaf etmiş bitkiləri yoluxdurur. Yoluxma əsasən kök və kökboğazı zonasından başlayır və bitkinin yuxarı hissələrinə yayılaraq onun böyüməsini və məhsuldarlığını ciddi şəkildə zəiflədir. Xəstəlik ilkin mərhələlərdə gizli keçə bilər, lakin nəticədə əkinlərin ciddi hissəsinin məhvinə səbəb ola bilər.

Xüsusilə bu xəstəliyə həssas olan bitkilər: taxıllar (buğda, arpa, qarğıdalı), paxlalılar (soya, lobya, noxud), tərəvəzlər (pomidor, bibər, kök, soğan), texniki bitkilər (şəkər çuğunduru, pambıq, günəbaxan), həmçinin yem bitkiləri (yonca və digərləri). Bu xəstəliklər xüsusilə ağır, gillicə, zəif hava keçirimli və su tutan sahələrdə geniş yayılır.

Fərqli patogenlər müxtəlif temperatur və rütubət şəraitində aktivləşir:
Rhizoctonia göbələyi +18 ilə +25°C arası temperaturda, Fusarium +20 ilə +28°C aralığında, Pythium isə +12 ilə +20°C və torpaqda artıq rütubət olduqda sürətlə inkişaf edir. 

Gözlənilən təhlükə odur ki, yaz aylarında yağıntıdan sonra torpaq tam qurumamış havanın nəmli və mülayim qalması xəstəliyin kütləvi yayılmasına səbəb olur.

Kök çürümələrinin əsas əlamətləri bunlardır: bitkinin böyüməsinin dayanması, yarpaqların saralması və solması, cücərtilərdə kökcüyün və hipokotilin (kökboğazının) qaralması və çürüməsi. Böyümüş bitkilərdə isə kök sistemində boşluqlar, qaralma və bəzən göbələk təbəqəsi müşahidə olunur. Nəticədə bitki zəifləyir, kökdən qopur və məhsuldarlıq azalır.

Bu xəstəliklərlə mübarizədə əsas məqsəd onların qarşısının alınmasıdır. İlk növbədə toxumların müasir funqisid tərkibli preparatlarla dərmanlanması tövsiyə olunur (məsələn, metalaksil, tebukonazol, fludioxonil tərkibli vasitələr). Bu tədbir xəstəliyin daha yoluxdurucu erkən mərhələlərində qoruyucu təsir göstərir. Əkin növbəsinə ciddi əməl olunmalı, eyni bitki növü eyni sahəyə 3–4 il müddətində qaytarılmamalıdır.
Əhəmiyyətli amillərdən biri də torpağın hazırlanmasıdır: yumşaldılan, strukturlaşdırılan, hava keçiriciliyi yüksək torpaqlarda yoluxma riski aşağı olur. Aşağı yerlərdə və gillicə torpaqlarda suyun axıdılması üçün şırımlar və drenaj sistemləri qurulmalıdır. Azot gübrələrinin normadan artıq verilməsi torpaqda artıq rütubət olduğu halda xəstəliyin daha da güclənməsinə səbəb ola bilər.
Əgər əlamətlər artıq müşahidə olunursa, bitkinin vegetasiya dövründə sistemik funqisidlərdən istifadə edilməlidir. Əkinə və konkret patogendən asılı olaraq azoksistrobin, propikonazol, metalaksil-M, flutriafol və digər təsiredici maddələrə əsaslanan preparatlar məsləhət görülür.

May ayında aqronomik müşahidələr gücləndirilməli, torpağın və bitkilərin kök sisteminin vəziyyəti izlənməlidir. Xəstəlik əlamətləri göründükdə, ocaqlar lokallaşdırılaraq yayılmanın qarşısı alınmalıdır. Kök çürümələri təkcə bir xəstəlik deyil, həm də torpağın, əkin texnologiyasının və su rejiminin göstəricisidir. Ona qarşı mübarizə dayanıqlı və məhsuldar kənd təsərrüfatının əsas şərtlərindən biridir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.