Agrolab

Bizimlə əlaqə

close

Yazda torpağın analiz olunması və əhəmiyyəti

Yazda torpağın analiz olunması və əhəmiyyəti

  • 09-03-2025

  • Şərhlər

Yaz mövsümündə torpağın analiz olunması fermerlərin qarşıdakı əkin və becərmə işlərini planlaşdırmasında mühüm mərhələdir. Düzgün və vaxtında aparılan torpaq analizi bitkilərin sağlam inkişafı üçün zəruri olan qida maddələrinin təmin olunmasına, məhsuldarlığın artırılmasına və torpağın uzunmüddətli məhsuldar qalmasına şərait yaradır. Torpaq analizinin məqsədi torpağın qida maddələri ilə təminat səviyyəsini müəyyən etmək, torpağın pH səviyyəsini öyrənmək (turşuluq və qələvilik dərəcəsi), torpaqda mövcud olan makro və mikroelementlərin (azot, fosfor, kalium, kalsium, maqnezium, sink, dəmir və s.) miqdarını öyrənmək, torpağın mexaniki tərkibini (qumlu, gillicəli, torflu və s.) təyin etmək, torpağın su tutma qabiliyyəti və struktur xüsusiyyətlərini müəyyənləşdirmək, torpaqda zərərli maddələrin (şorlaşma, ağır metallar və s.) səviyyəsini qiymətləndirməkdir.
Torpaq analizinin yazda, ən optimal isə fevral ayın sonu mart ayının əvvəlində, əkin işlərindən əvvəl aparılması tövsiyə olunur, torpağın nəmliyinin optimal olduğu vaxt seçilməlidir (çox quru və ya çox nəm torpaq nümunə üçün yararsızdır).


Laboratoriyamızda torpaq analizinin nəticələrinə əsasən aqronom tövsiyəsi də hazırlanır. Tövsiyə torpaqda elementlərin müxtəlif səviyyədə olmasına əsasən hazırlanır.
Azot çatışmazlığı: Əkin zamanı azot tərkibli gübrələr (NH₄NO₃, karbamid) əlavə olunmalıdır.
Fosforun azlığı: Superfosfat kimi fosfor gübrələrinin tətbiqi.
Kalium çatışmazlığı: Kalium xlorid və ya kalium sulfat gübrələrinin istifadəsi.
pH balansı üçün: Turş torpaqlarda dolomit əhəngi, qələvi torpaqlarda isə kükürd və orqanik maddələr əlavə olunmalıdır.


Torpaq analizinin faydaları çoxdur. Əsasən düzgün gübrələmə sisteminin qurulmasını, məhsuldarlığın artırılması və torpağın uzunmüddətli məhsuldarlığının qorunmasını, xəstəliklərin qarşısının alınmasını, bitkilərin bioloji xüsusiyyətlərinə uyğun torpaq idarəetmə strategiyalarının hazırlanmasını təmin edir.


Torpağın yaz mövsümündə analiz olunması aqrotexniki tədbirlərin səmərəliliyini artırır və bitkilərin sağlam inkişafına zəmin yaradır. Bu mərhələ düzgün aparıldıqda fermerlər torpağın ehtiyaclarına uyğun gübrələmə və suvarma sistemini zamanında planlaşdıraraq, məhsuldarlığı artırmaqla yanaşı, torpağın sağlamlığını da qorumuş olurlar. 

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.