Qışlama mərhələsinin vegetasiya mövsümünə təsiri
-
08-01-2025
-
Şərhlər
Zərərvericilərin qışlama mərhələsi onların əlverişsiz mühitdən qorunmaq üçün fəaliyyətini minimuma endirdiyi dövrdür. Bu mərhələ zərərvericilərin sağ qalaraq növbəti vegetasiya mövsümündə fəaliyyətlərini davam etdirməsini təmin edir. Onlar yumurta, sürfə, pup və ya yetkin fərd formasında qışlayaraq növbəti vegetasiya mövsümünə hazırlaşırlar.
Qışlama mərhələsi zərərvericilərin növbəti mövsümdə məhsula vuracağı zərərin əsasını təşkil edir. Aqronomik yanaşmalar zərərvericilərin bu mərhələsini idarə edərək məhsuldarlığı artırmağa və kimyəvi vasitələrdən asılılığı azaltmağa imkan verir. Profilaktik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi təsərrüfatın sağlamlığı üçün müsbət nəticələr verir və məhsuldarlığı qorumaq üçün vacibdir.
Zərərvericilərin qışlama şəraiti onların növbəti mövsümdəki yayılmasına təsir edir. Bu şəraitə aşağıdakı amillər təsir göstərir:
1. İqlim şəraiti: Uzun sürən qış dövrü və aşağı temperatur bu mərhələnin davametmə müddətini uzadır.
2. Torpaq xüsusiyyətləri: Torpağın temperaturu, strukturu və mexaniki tərkibi zərərvericilərin qışlaması üçün əlverişli mühit yarada bilər.
3. Bitki qalıqları: Məhsuldan sonra sahədə qalan qalıqlar zərərvericilər üçün qoruyucu mühit rolunu oynayır.
Zərərvericilərin qışlama mərhələsini idarə etmək üçün hər bir ziyanvericiyə onun biologiyasına, həyat şəraitinə uyğun tərzdə aqrotexniki, kimyəvi, fiziki və mexaniki mübarizə üsulları tətbiq olunmalıdır.