Agrolab

Bizimlə əlaqə

close

Ağaclarda budama

  • 12-12-2023

  • Şərhlər

Məhsuldar meyvə bağlarında əsasən nizamlayıcı və sağlamlaşdırıcı budama növlərindən istifadə olunur. Nizamlayıcı budama boy və məhsulverməni nizamlamaqla, ağacların məhsulvermə dövrünü uzatmağa yönəldilmiş budama növüdür. Budama zamanı skelet, yarımskelet budaqların və meyvə budaqcıqlarının optimal nisbətinə nail olmağa yönəldilir. Birillik budaqlar qısaldılır, çoxillik meyvə budaqcıqlarının bir qismi isə çiçəkləməni normalaşdırmaq üçün dibindən kəsilib atılır. Nizamlayıcı budama ilə çətirin optimal həcmi qorunub saxlanır, çətirin daxilinin havalanması və işıqlanması rejimi tənzimlənir. Sağlamlaşdırıcı budama əsasən ağaclar tam məhsula düşdükdən sonra aparılır. Bu budamada məqsəd, sıxlıq yaradan, maneçilik törədən, xəstə, zədəli, qurumuş budaqları kəsib atmaqla çətir daxilində hava və işıq rejimini nizamlamaqdır. Şaxtadan ciddi zədələnmiş hissələr yazda oyanan tumurcuqlara qədər qısaldılır. Mexaniki təsirlərdən zədələnmiş, xəstə və qurumuş budaqlar isə bu hal müşahidə edilən kimi kəsilib atılmalıdır. Budama payızda yarpaqlar təbii halda töküldükdən sonra və yaxud erkən yazda aparıla bilər. Bu cür budamaya quru budama deyilir. Düzgün aparılmış budama yaranın tezliklə sağalmasına, itirilmiş hissənin vaxtında bərpasına imkan verir. Budama yüksək səviyyədə sazlanmış alətlərlə (bıçaq, qayçı, mişar) aparılmalıdır. Belə olmadıqda toxumaların didilməsi, zədələnməsi baş verir ki, bu da həmin hissənin məhv olmasına və yaxud da zəif böyüməsinə səbəb olur. Cavan budaqlar və zoğlar bağ qayçısı və ya bağ bıçağı ilə kəsilir. İntensiv tipli meyvə bağlarında vegetasiya dövründə budama müxtəlif markalı budayıcı maşınların köməyi ilə aparılır. Vegetasiya dövründə aparılan budamaya yaş budama deyilir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.