Agrolab

Bizimlə əlaqə

close

Bitkilərdə şişlərin yaranma səbəbləri və onların fərqləri

Bitkilərdə şişlərin yaranma səbəbləri və onların fərqləri

  • 09-12-2024

  • Şərhlər

Bitkilərin hər hansı bir orqanındakı anormal şəkildə bölünən hüceyrələrə və onların çoxalması nəticəsində meydana gələn böyümələrə şiş adı verilmişdir. Şişlərin yaranmasına qurdlar (nematodlar), həşəratlar, gənələr həmçinin bakteriyalar, göbələklər ya da viruslar səbəb ola bilər. Məsələn, Nematodlar yumurta qoyaraq, həşəratlar tüpürcək və ya müxtəlif maddələr ifraz edərək şişlərə səbəb olur. 


Şişləri göstərdikləri xarakterik özəlliklərinə görə fır (gall) ya da törəmələrə (xərçəng) ayırmaq olar:
• Bəzi törədicilərin ifraz etdikləri maddələr hüceyrələrdə sürətli bölünməyə təşviq edərək fır əmələ gətirir. Fırlarda böyümə məhduddur, yəni bu şişə səbəb olan törədici (həşərat, nematod və s.) bitkidən kənarlaşdırıldıqda böyümə dayanır; 
• Xərçəngdə  böyümə məhdudiyyətsizdir və törədici məhv edildikdən sonra belə şişlərin böyüməsi dayanmır.


Şişlər bitkinin müxtəlif orqanlarında - yarpaqlarda, köklərdə, gövdədə, kök boğazında, tumurcuqlarda və s. ola bilər. Bəzi şişlərin bir birindən fərqləndirən cəhətlərini nəzərdən keçirək.
 1. Həşərat və gənələrin hesabına əmələ gələn şişlər. Bunlar bitkinin böyüməsini tənzimləyən güclü kimyəvi maddələrin qıcıqlanması nəticəsində əmələ gəlir. Hər həşərat və ya gənə özünəməxsus fır əmələ gətirir. Çox vaxt belə fırlar bitkiyə ciddi ziyan vurmur, yalnız vizual görüntünü pozur.
2. Göbələk mənşəli şişlər. Bir neçə fərqli göbələk yarpaq və tumurcuqların böyüməsinə və ya qalınlaşmasına səbəb olur. Bitkinin sirayətlənmiş hissələri normaldan bir neçə dəfə artıq  böyüyür, əsasən rəngsizləşir və şirəli olur. Bəzi yarpaq və ya zoğ fırları zaman getdikcə qəhvəyi və sərt olur. Lakin belə fırlar nadir hallarda bitkilər üçün ciddi zərər vurur.
3. Bakterial mənşəli törəmələr (xərçəng). Məsələn: ağaclarda kök xərçəngi, kartof xərçəngi, çuğundur vərəmi və s. Torpaqda yayılmış Agrobacterium tumefaciens bakteriyası bitkidə xərçəng xəstəliyinə səbəb olur. Zədələnmiş kök və gövdədən daxil olan bu törədici bitkidə müxtəlif ölçüdə törəmələrə səbəb olur. Bu bakteriya bir çox növ bitkini yoluxdurur. Törəmələr ağaclarda suyun və qida maddələrinin axınını pozur, bitkinin böyüməsini zəiflədir və ləngidir. Belə törəmələrin daxili əvvəlcə qaralmış, çürümüş zaman keçdikcə isə oduncaqlaşmış bərk olur.
Göbələk mənşəli xərçəng xəstəliklərində zədələnmiş yerlərdə meyvə cismi, stromalar əmələ gəlir. Vərəm mənşəli şişlər isə daxilində boşluqlar və onların içərisində törədici bakteriyalar (məsələn, çuğundur vərəmi - törədicisi Xanthomonas beticola) ilə dolu olması ilə fərqlənir.
4.  Nematod mənşəli şişlər. Bəzi nematodların qidalanması, çoxalması və s. nəticəsində bitkinin kökündə müxtəlif böyüklükdə, formada və rəngdə fırlar əmələ gəlir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir. Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur. 


 Bitkidə elə şişlər də ola bilər ki, onlar heç bir patoloji xarakter daşımır. Məsələn, kartoflarda "yalançı xərçəng" və ya "balalama". Bu şişlər kartofun müxtəlif funksional pozğunluqları ilə əlaqədardır və ilk növbədə mövsüm ərzində artan yağışın qeyri-bərabər paylanmasının nəticəsidir. Bəzən çox erkən yazda, soyuq və rütubətli torpaqda kartof yumrularını əkdikdə, normal cücərtilər inkişaf etmir, kiçik şişlər əmələ gəlməyə başlayır.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.