Agrolab

Bizimlə əlaqə

close

Qarğıdalı bitkisində qovuqlu sürmə xəstəliyi

Qarğıdalı bitkisində qovuqlu sürmə xəstəliyi

  • 30-08-2023

  • Şərhlər

Törədici: Ustilago maydis fitopatogen göbələyi

Qovuqlu sürmə bitkinin gövdəsi, qıçası, yarpaqları və süpürgəsində fərqli ölçüdə “gall” adı verilən şişkinliklər əmələ gətirir. Əvvəlcə xırda şişkin ləkələr şəklində olan gallar inkişaf edərək irihəcmli olur. Ən böyük şişlər qıçalarda və gövdədə olur. Yarpaqda bu şişlər qırışlara oxşayır. Məhz bu qırışlara görə yarpaqlarda xəstəliyi ilk dəfə təyin etmək olur. Şişlər əmələ gələn gövdələr kövrələrək qırılırlar. Ona görə bu xəstəliyin gövdə forması daha qorxuludur. Şişlər öncə sərt olub üzəri bozumtul ağ rənglı bir təbəqə ilə örtülü olur. İnkişaf etdikcə üzərində çatlar əmələ gəlir və içərisində olan qara toz şəklindəki xlamidosporlar ətrafa yayılır. İqlim şəraitindən, qarğıdalı sortundan və bitkidə yoluxduğu hissə ilə əlaqədar olaraq gallar (şişlər) müxtəlif böyüklükdə (0,5-20 sm) olurlar.
İNKİŞAF DÖVRÜ
Xəstəlik növbəti ilə yoluxmuş torpaq və bitki qalıqları ilə keçir. Xlamidosporlar qış şəraitinə çox davamlı oldub, 8 ilə qədər canlı qala bilir. Hətta yoluxmuş bitki qalıqları ilə qidalanan heyvan gubrəsində də canlı qalır.
İlk cücərti fizioloji və morfoloji cəhətdən xəstəliyə qarşı dayanıqlı olur. Törədici ancaq 3-4 yarpaq mərhələsində (40-60 sm uzunluğunda) qarğıdalı bitkisinə yoluxur. Qovuqlu sürmə külək vasitəsilə 2-3 həftəyə bütün əkin sahəsinə yayıla bilər. Ümumilikdə bu xəstəlik 30-60% məhsuldarlıq itkisi ilə nəticələnir. Törədicinin inkişafı üçün uyğun temperatur 18-210C-dir. Yağış xəstəliyin inkişafına önəmli təsir edir. Suvarma, quraq sahələrdə xəstəliyin artmasına yol açar. Laboratoriyamızda Toxumun və bitkinin fitoekspertizası analizi icra edilir. Bu analizlərin nəticəsinə əsasən vaxtında aparılan mübarizə və müdafiə tədbirləri qarğıdalı bitkisində baş verə biləcək xəstəlikləri önləməyə fermerlərə yardımçı olacaq.
NƏZARƏT VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ
Qovuqlu sürmənin qoruyucu tədbirləri əsasən tarlalardan bitki qalıqlarının çıxarılmasınsa, sağlam toxum sortlarının seçilməsinə yönəlməlidir. Qarğıdalının eyni ərazidə davamlı əkilməsi torpaq qatında xəstəliklərin artması ilə nəticələnir. Belə olan halda həyata keçirilən mübarizə tədbirləri faydasını vermir. Qarğıdalı 3-4 il eyni sahəyə əkilməməlidir. Həşəratlarla zamanında mübarizə aparıb bitkinin zədələnməsinə yol verilməməlidir. Torpaq analiz nəticəsinə uyğun balanslaşdırılmış gübrələmə aparılıb, xüsusilə də azot gübrəsi lazımından artıq verilməməlidir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.