Agrolab

Bizimlə əlaqə

close

Taxıl bitkilərində rast gəlinən xəstəliklər

Taxıl bitkilərində rast gəlinən xəstəliklər

  • 12-12-2023

  • Şərhlər

Buğda bitkisi bərk, tozlu, cırtdan, gövdə və hind sürməsi ilə yoluxur. Azərbaycan şəraitində sürmənin ancaq bərk və tozlu növləri mövcuddur, bəzən gövdə sürməsinə də təsadüf olunur. Sürmə xəstəliyi taxıl fəsiləsinə mənsub olan bütün bitki növləri üzərində yayılır, amma yumşaq buğda sortları sürmə xəstəliklərinə daha çox tutulur. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır. Öyrənilən sortların bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir. Dənli taxıl və yabanı ot bitkilərinin əksəriyyəti unlu şeh xəstəliyinə tutulur. Xəstəliyə ən çox bitkilərin aşağı yarus yarpaqları, kütləvi yayılma zamanı isə gövdə, yuxarı yarus yarpaqları və qılçıqlar da sirayətlənir. Yarpaqların alt hissəsində əvvəlcə göbələyin ağımsov mitseli təbəqəsi, onun üzərində isə bir qədər bozumtul rəngə çalan unvarı ləkələr-konidilər əmələ gəlir. Sonra bu ləkələr sıxlaşıb tündləşərək keçəyə bənzər örtük əmələ gətirir. Unlu şehin vurduğu ziyan yarpağın assimilyasiya səthinin keçilməsi, bitkidə xlorofil və digər piqmentlərin parçalanması ilə xarakterizə olunur. Bitkilərin unlu şehlə güclü sirayətlənməsi məhsuldar gövdələrin azalmasına, sünbülləmənin gecikməsinə və yetişmənin tezləşməsinə səbəb olur. Arpanın kök çürümə xəstəlikləri yapaq səthində qonur, zolaqlı və torvarı ləkə yaradır. Qonur ləkə buğda, arpa, çovdar və taxıl fəsiləsinə aid olan bir çox digər ot bitkilərini və alaqları sirayətləndirir. Buğdanın qonur ləkə (helmintosporioz kök çürüməsi) xəstəliyi haqda yuxarıda məlumat verilir. Zolaqlı və torlu ləkə isə arpanın tipik xəstəlikləri hesab olunur. Qeyd etmək lazımdır ki, arpanın torlu ləkə xəstəliyinə Azərbaycanda çox az hallarda təsadüf edilir. Taxıl bitkilərinin hər bir inkişaf fazasında müxtəlif xəstəliklər müşahidə olunur. Bütün bu xəstəliklərin proqnozlaşdırılmasında fermerə “bitkinin kompleks analizi” nəticələri kömək olacaqdır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.