Yarpaq saralmalarının səbəbləri
-
25-08-2024
-
Şərhlər
Bitkilərdə erkən yarpaq saralmalarının bir çox səbəbləri vardır. Müəyyən xəstəliklərin ilkin əlaməti olaraq da bitkilərdə yarpaqların saralması müşahidə olunur. Məsələn, gövdə və yarpaqların qonur ləkəliyi xəstəliyinin ilkin əlaməti aşağı yarus yarpaqlarının saralmasıdır. Sonradan qurumuş və gövdə üzərində asılı qalmış bu yarpaqlar müxtəlif saprotrofların qida mənbəyinə çevrilir. Xəstəlik başlıca olaraq qumsal torpaqlarda daha geniş yayılmışdır. Xəstəlik şiddətləndikcə gövdənin yerüstü hissəsinin aşağı yarusunda qonur ləkəliklər dərinləşir. Xəstəlik bitkinin düzgün qidalanmaması, selləmə-suvarma nəticəsində qələvi torpaq metallarının yuyulması, dəmir və alüminiumun həll olması və həddindən artıq sorulmasından əmələ gəlir.
Kalsium elementi (Ca) çatışmazlığı zamanı bitkidə ilkin əlamət olaraq yarpaqların təpə tərəfdən əvvəlcə saralması müşahidə edilir, sonradan yarpaqlar kənarlardan yuxarıya doğru əyilir və qayıqvari forma alır. Ca elementinin kəskin çatışmadığı sahələrdə zoğun təpə hissəsində olan yarpaqlar narıncı-qırmızı rəng, bəzən açıq-yaşıl rəng alır. Ca elementi bitkidə yarpaq və zoğların təpə tumurcuqlarının inkişafında başlıca əhəmiyyətə malik olan elementdir. Ümumiyyətlə, bitkilərdə qida elementi çatışmazlığına əsasən qumsal torpaqlarda rast gəlinir. Torpaq strukturunun pozulması, qumsallıqda uzun sürən yağmurlar və ya selləmə suvarmadan sonra torpaq yuyulur, mənimsənilən Ca, Mg (maqnezium) və humusun torpağın dərin qatlarına getməsi nəticəsində bitkinin yerüstü və yeraltı hissələrində qida çatışmazlığı yaranır. Bəzən kalsiumun artıq olması bitkidə dəmirin (Fe) çatışmazlığı və yarpaqların xlorozu (saralma) ilə nəticələnir. Fe çatışmazlığında meyvə və giləmeyvələr boy və inkişafdan qalır, cavan yarpaqlar və zoğların uc hissələri sarımtıl-yaşıl rəngə çalır, sonradan rəngsizləşir, yarpaqlar tam və ya hissə-hissə saralır. Xəstəliyin əmələ gəlmə səbəbi torpaqda dəmirin həll olan duzlarının az olması və əhəngin miqdarının artıqlığıdır. Mg bitki yarpaqlarının xlorofil dənələrinin tərkibinə daxildir. Yaşıl kütlənin formalaşmasında yaxından iştirak edən mənimsənilən Mg elementi çatışmadıqda yarpaqlarda saralma müşahidə edilir. Başlıca əlamət yarpaqların nekrozu və parenximanın qonurlaşması, sonda təpə yarpaqlarının qurumasıdır. İlk əlamətlər aşağı yarus yarpaqlarda, sonradan orta yarusda müşahidə edilir. Xəstəliyin aradan qaldırılması üçün torpağın strukturu öyrənilməli və qida elementlərinin miqdarına uyğun gübrə norması təyin edilməlidir. Azot çatışmazlığı zamanı köhnə yarpaqlar təzə yarpaqlara nisbətən tez saralır, xarab olur, bitkinin ümumi boy və inkişafı zəif olur, məhsuldarlıq aşağı düşür, məhsulun əmtəəlik keyfiyyəti pisləşir. Kifayət qədər məhsul əldə etmək üçün torpağın makro və mikroelementlərlə təminatının və suvarma suyunun ion tərkibi analiz edilərək dəqiq informasiya əldə olunması əhəmiyyətlidir. Bir çox hallarda pestisidlərin istifadə qaydalarına düzgün əməl olunmadıqda bitkidə yanıqlar, ləkəliklər və başqa əlamətlər yaranır. Bu əlamətlər çox vaxt herbisidlərin tətbiqindən sonra baş dir. verir. Bəzi istehsalçılar tətbiq etdiyi herbisidin istiqamətini düzgün seçmədən tətbiq edir və nəticədə bitkiləri yandırır, səhv tətbiq zamanı herbisidin bitkinin orqanlarına düşdüyü yerdə nekrotik ləkələr və yanıqlar əmələ gəlir. Sistem təsirli herbisidlərdə təsiredici maddə bütün bitkiyə yayıldığına görə ümumi quruma, soluxma və ya yanma əmələ gətirir. Çox hallarda sistem herbisidlərin təsirindən yarpaqların ümumi saralması, damararası lətin saralması və ya tamamilə nekrozlaşma əlamətləri müşahidə olunur. Zəhərlənmiş bitkilərin üzərindən toplanmış məhsul bazara çıxarılaraq satılması ilə insanlar arasında kütləvi zəhərlənmələrlə müşahidə olunur, buna görə də kimyəvi maddələr, həmçinin gübrələr müəyyən olunmuş qaydalara uyğun tətbiq edilməlidir.