Arpa necə becərilməlidir?
-
06-09-2021
-
Şərhlər
Arpa yemlik dəyərinə görə respublikada heyvandarlığın dinamik inkişafının və onun möhkəm yem bazasının təmin olunmasında mühüm əhəmiyyətə malikdir.. Ölkədə istehsal olunan arpa dəninin 95,8 – 98,8 % -i heyvandarlıqda yem kimi istifadə olunmuşdur
Arpa dənində olan müxtəlif üzvi proteinlərlə bərabər, onların tərkibində olan lizin, triptofan, leysin və digər qiymətli amin turşuları heyvan mənşəli zülalların tərkib hissəsini təşkil edir ki, bu da heyvanların kökəlməsində böyük əhəmiyyətə malikdir. Samanı isə, ot ununun hazırlanmasında ən mühüm xammaldır. Qidalılıq dəyəri yem vahidinə yaxındır.Digər payızlıq dənli bitkilərlə (buğda, tritikale, vələmir) müqayisədə nisbətən qısa vegetasiya müddətinə malik olması onu dəgər dənli bitkilərdən fərqləndirir. Buğdadan ən azı 10-12 gün, hətta tezyetişən arpa sortları 12-15 gün tez yetişir ki, bu da həmin sahədən ikinci məhsul (silosluq və dənlik qarğıdalı, tərəvəz bitkiləri və s.) alınmasına imkan verir.
Becərilmə texnologiyası
Dənli bitkilərin məhsuldarlığının artırılmasında onların becərmə texnologiyasına düzgün əməl olunması böyük əhəmiyyətə malikdir. Bu amillər içərisində sələf bitkilərin düzgün seçilməsi, torpağın düzgün hazırlanması, yüksək məhsuldar sortların keyfiyyətli toxumundan istifadə, qida rejiminin düzgün hazırlanması, alaqlara qarşı kimyəvi mübarizənin aparılması və s. önəmli rol oynayır.
Sələf bitki
Arpa bitkisinin inkişafının ilkin mərhələlərində xeyli miqdarda qida maddələri mənimsəmə qabliyyətinə malikdir. Yüksək aqrofonda və humusun miqdarı çox olan torpaqlarda arpanın məhsuldarlığı yüksək olur. Bundan başqa bitkinin normal inkişafının təmin olunmasında, onun sələfinin də böyük əhəmiyyəti vardır. Aparılan tədqiqatlar göstərir ki, arpa üçün ən yaxşı sələf silos üçün qarğıdalı, kartof, dənli paxlalılar dəmyə şəraiti üçün təmiz və bitkili herikdir.
Torpağın hazırlanması
Səpindən sonra normal çıxışın alınmasında və məhsuldarlığın artırılmasında, torpağın hazırlanması, mühüm əhəmiyyətə malikdir. Məhsul yığımından sonra, sahə saman və digər tullantılardan təmizləndikdən sonar isə, dərhal şumlanmalıdır (buna yay şumu da deyilir). Şumun dərinliyi 27-30 sm olmalıdır. Torpaq səpinə hazırlanmadan əvvəl əgər sahədə alaq otları əmələ gəlibsə, mütləq alaq otlarını məhv etmək üçün sahədə diskiləmə və ya kultivasiya aparılmalıdır. Səpinqabağı sahə ağır mala ilə malalanır. Sahənin səthinin düz olmasına xüsusi diqqət yetirilir, əks halda daha çox dərinə düşən toxumlar cücərib torpağın səthinə çıxa bilmir və sahədə seyrəklik yaranır.Dəmyə ərazilər üçün saxlanan qara herikdə sahə bir qayda olaraq sələf bitki yığıldıqdan sonra üzlənir. Əgər yığımdan dərhal sonra şum aparılarsa, üzləməyə ehtiyac qalmır. Herik tarlasına yay qulluq işləri mühüm əhəmiyyətə malikdir. Aparılan aqrotexniki tədbirlər əmələ gələn alaq otlarını məhv etməklə bərabər, torpağın üst qatında daha çox nəmliyin toplanmasına imkan verir. Buna görə də qara herik olan sahələrə, erkən yazda 10-12 sm dərinlikdə kultivasiya çəkilir. Əgər axırıncı kultivasiya işləri, səpinə 5-6 həftə qalmış aparılıbsa, bu zaman səpin aparılacaq sahəyə ziqzaq mala çəkilir. Kəltənlərin 80-90%-nin ölçüsü 1-5 sm-dən artıq olmamalıdır.
Qida rejimi
Arpa üzvi və mineral qidalanmaya olduqca tələbkardır. Əgər sələf bitki yüksək dozada üzvi gübrə ilə təmin olmuşsa, onda arpa həmin gübrənin istifadə olunmayan hissəsindən qidalana bilir. Əgər sələf bitki qida maddələri ilə kifayət qədər təmin olunmayıbsa, onda həmin sahəyə şum altına gübrə verilməlidir.Arpadan yüksək dən məhsulu əldə etmək üçün təsiredici maddə hesabı ilə N90 P90 K60 kq götürülür. Fosfor və kalium gübrələri şum altına və ya səpin zamanı, azot gübrəsini isə yemləmə şəklində verirlər. Azot gübrəsinin 10-20%-ni səpinqabağı vermək olar.Tez həll oluna bilən qida maddələri ilə zəngin olan, orta mexaniki tərkibli, turşuluğu (pH = 6.0 -7,5) normal olan torpaqlarda becərilməsi daha məqsədəuyğundur. Ağır, duzlaşmaya məruz qalmış, qurunt suları üzdə olan, turş, quruluşu pis olan qumsal torpaqlar arpa becərmək üçün məqsədəuyğun deyil. Onun becərildiyi torpaqda humusun miqdarı ən azı 1,8%, mübadilə oluna bilən fosfor və kaliumun miqdarı ən azı 150 mq/kq olmalıdır.
Səpin və əkinə qulluq
Arpa əkinlərində laboratoriya cücərməsi 92%, təmizliyi 98% olan sertifikatlı (R1-3) reproduksiyalı toxumlardan istifadə olunmalıdır. Səpinə qədər toxumlar müxtəlif xəstəliklərə görə dərmanlanır. Toxum dərmanlanmadıqda bitkidə sürmə, torvari ləkəlilik, helmintosporioz, fuzarioz və s. xəstəliklərdən qaçmaq mümükün deyil.Səpin optimal müddətdə aparılmalıdır, erkən səpində bitkilərdə boruyaçıxma tez olur və onlar qışda məhv olur. Ona görə də səpini elə vaxtda aparmaq lazımdır ki, bitkilərdə 4-5 gövdə əmələ gələ bilsin. Respublikanın düzən və suvarılan bölgələri üçün oktyabrın II ongünlüyü – noyabrın I ongünlüyü, dağlıq və dağətəyi ərazilər üçün sentyabrın II ongünlüyü – oktyabrın I ongünlüyündə aparılmalıdır. Səpin cərgəvi üsulla aparılır. Hektara səpin norması 3,0-3,5 milyon bitki hesabı ilə aparılır. Dəmyə şəraitində bu norma 3,5-4,0 mln. götürülə bilər. Normal mexaniki tərkibli torpaqlarda suvarmada toxumun dərinliyi 4-5 sm, dəmyədə 6-8 sm, ağır mexaniki tərkibli torpaqlarda isə 3-4 sm olmalıdır.Əkinə qulluq işləri çıxış alındıqdan sonra başlayır və bütün vegetasiya dövründə davam etdirilir. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılır, yemləmə gübrəsi verilir, alaqlara qarşı mübarizə aparılır və s. Unlu şeh, pas, helmintozparioz və qara bakterioz xəstəlikləri rast gəlindikdə fungisidlərlə, alaqlanma müşahidə olunduqda ikiləpəli alqlara qarşı herbisidlərdən biri ilə çiləmə aparılır.
Məhsulun yığılması
Arpa tam yetişmə fazasında kombayınla birbaşa yığılır. Məhsul yığılan zaman dənin nəmliyi 16-17%-dən artıq olmamalıdır. Əks halda, yüksək nəmlikdə yeni yığılan məhsulda qızışma baş verir, dənin cücərmə qabliyyəti azalır və texnoloji keyfiyyəti pisləşir. Tam yetişmədən sonra məhsul yığımının çox gecikdirilməsi sortdan asılı olaraq hektardan məhsuldarlığın bir neçə sentner azalmasına səbəb olur.